Amerikaya köçən Azərbaycanın əməkdar artisti – Foto

  • 11:46 - 05 Aprel

ABŞ-a gəlişinin tarixi elə də uzaq deyil, cəmi iki ildir ki, Nyu Yorkda yaşayır. Bu qısa müddətdə bir sıra uğurlara imza da atıb. Dünyanın 63 ölkəsində 12 min klubu olan "Zonta" beynəlxalq qadın təşkilatının Nyu York klubunun prezidenti seçilib. "Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyəti"nin təsisçisi və rəhbəridir. Tez-tez konsertlər təşkil edir, hazırda aprelin 24-də Nyu Yorkda keçiriləcək növbəti konsertə hazırlaşır…

…Atası Ramiz Əliyarov texnika elmləri namizədidir. Uzun illər Azərbaycan Dillər Universitetində informatikadan dərs deyib. Anası Svetlana Nəcəfova "Azərbaycan Qadını" jurnalında baş redaktorun müavini işləyib…

Haqqında söhbət açdığım Nərgiz Əliyarova Bakıda dünyaya gəlib. 1986-cı ildə Bülbül adına orta-ixtisas məktəbini qızıl medalla bitirib. 1986-1991-ci illərdə indiki Bakı Musiqi Akademiyasının fortepiano fakültəsində təhsil alıb. Oranı "Lenin təqüdü" ilə oxuyaraq, sonda fərqlənmə diplomuna layiq görülüb. 1991-1993-cü illərdə həmin akademiyanın aspiranturasında elmi araşdırmayla məşğul olub. Eyni zamanda, 1992-ci ildə müəllim kimi dərs deməyə başlayıb. 2017-ci ilədək Bakı Musiqi Akademiyasında baş müəllimdən professor vəsifəsinədək yüksələ bilib. 

2000-ci ildən sənətşünaslıq üzrə fəlsəfə doktorudur. 

2008-ci ildə isə "Azərbaycanın əməkdar artisti" fəxri adına layiq görülüb. Həmin il İtalyada pianoçuların beynəlxalq müsabiqəsinin laureatı olub.

2015-ci ildə ona "Nərgiz Əliyarova Şopenin əsərlərini ifa edir" kompakt diskinə görə "Azərbaycan Dövlət Mükafatı" təqdim olunub. Bütün bunlardan əlavə onun "Nərgiz Əliyarova Azərbaycan musiqisini ifa edir", "Nərgiz Əliyarova Hayden, Motsart və Bethovenin əsərlərini ifa edir" kompakt diskləri də işıq üzü görüb…


…Üç övladı var, iki qız, bir oğlan. Böyük qızı Ülkər xanım London Universitetinin fizika fakültəsinin sonuncu kurs tələbəsidir. İkinci qızı Nərmin xanım Epson kollecində oxuyur. Oğlu Əli bəy isə Nyu Yorkdakı məktəblərdən birinin 4-cü sinif şagirdidir…

Deyir ki, Amerikaya gələndə tanışlarının çoxu onu depressiyaya düşəcəyilə qorxudurmuş:

“Və tezliklə geri dönmək istəyəcəyimi söyləyirdilər. Amma bu baş vermədi. Mən həyatı olduğu kimi qəbul edən insanam. Onun hər bir anını məmnun yaşamağı xoşlayıram. Doğrudur, Nyu York küçələrinin zibilli olması məni çox məyus edir, amma bu şəhəri bütün nöqsanları ilə sevirəm. Bu şəhər mənim arzularımın şəhəridir. Əgər insan istəsə burada özünə maraqlı həyat qura bilər. Hər gün oğlumu dərsə aparanda bir yaradıcı adam kimi ətrafıma göz gəzdirib düşünürəm, mən həqiqətən də imkanların məhdudiyyət tanımadığı bir ölkədə yaşayıram"…

İngilis, fransız, türk dillərində danışa bilir. Mütaliə etmkdən zövq alır. 
İnanırıq ki, ciddi, bir az da romantik görünən bu xanımın Amerikada nail olacağı əsas uğurlar hələ irəlidədir. Fortepianoda musiqi əsərlərini xüsusi istedadla amerikalılara təqdim etdikcə, gurultulu alqışlara tuş gəlir. Bu alqışlar, həm də Azərbaycan musiqisinin nə qədər zəngin olduğuna amerikalıların heyrətinin təcəssümüdür. 

Bəli sevilmək, sənətini sevə-sevə təqdim edənlərin alın yazısıdır…

Elman Eldaroğlu,
ABŞ, Miçiqan
Avropa.info


Oxunma sayı: 12111

Oxşar yazılar