Narkotikə görə həbs olunan qadın məhkəmə zalından azadlığa buraxıldı

  • 11:55 - 04 Aprel

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunan 37 yaşlı İlahə Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

İlahə Məmmədova məhkəmədə son söz deyib. O, üç uşaq anası olduğunu, günahsız həbs edildiyini deyib və məhkəmədən barəsində ədalətli qərar çıxarılmasını xahiş edib.

Məhkəmə müşavirədən sonra hökmü elan edib. Hökmə əsasən, İ.Məmmədova barəsində 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Amma övladlarından birinin 14 yaşı tamam olmadığı üçün hökmün icrası təxirə salınıb.

İ.Məmmədova barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, İ.Məmmədova Cinayət Məcəlləsinin 234.1-ci (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) və 234.4.3-cü (külli miqdarda) maddələri ilə ittiham edilib.

İ.Məmmədova qızıl alveri ilə məşğul olub. O, məhkəmədəki ifadəsində deyib ki, qızıl alverçisi kimi tanıdığı bir qadın ona büküm verib. İ.Məmmədova elə bilib ki, bükümün içərisindəki qızıldır. Onun sözlərinə görə, həmin bükümü tanımadığı başqa şəxsə verəndə polis əməkdaşları tərəfindən saxlanılıb.

virtualaz.org


Oxunma sayı: 6919

Oxşar yazılar