“Kimsə Qarabağa xidmətə göndərilirsə deməli onun sonudur?”- Bunt qaldıran əsgərlərin valideyləri ilə Ovanisyan arasında mübahisə

  • 19:00 - 26 Mart

Xəbər verildiyi kimi Ermənistan ordusunun Mehridə yerləşən polkunda bir neçə gün əvvəl əsgərlər bunt qaldırıb. Bunun səbəbi hərbi hissənin Qasparyan familiyalı zabitinin əsgərlərdən birini təhqir etməsi olub. Yüzlərlə çağırışçı əsgər onun müdafiəsinə qalxıb və hərbi hissəni özbaşına tərk ediblər. 

Yolda onları polk komandiri qarşılayıb və dilə tutaraq geri qaytara bilib. Lakin daha sonra bunt qaldıran əsgərləri sıraya düzərək onların arasından 20-yə qədərini seçiblər. Hərbi formalarını cırıblar və avtobusa dolduraraq Qarabağa, təmas xəttinə göndəriblər. Həmin əsgərlərin valideyinləri martın 23-də Yerevanda hökumət binası qarşısında aksiya keçiriblər və Müdafiə Nazirliyinə yollanıblar, müdafiə naziri David Tonoyanla görüş tələb ediblər.

Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, valideyinlərin müdafiə naziri ilə görüşü baş tutmayıb, orada narazı valideyinlərin bir qrupunu Müdafiə Nazirliyinin mətbuat katibi Artsurun Ovanisyan qəbul edib.

 

Ovanisyan jurnalistlərə bildirib ki, bunt baş vermiş polkun əsgərləri qruplar halında ayrı-ayrı hərbi hissələrə köçürüləcəklər.Çünk belə hərəkətlər birlikdə törədilir və deməli bu cinayətkar sövdələşməni dağıtmaq lazımdır.

Ovanisyanın bildirdiyinə görə, hadisə ilə bağlı polk komandiri və digər yuxarı vəzifəli zabitlər cəzalandırılıblar. Onlar vəzifələrindən azad olunublar. 9 nəfərin barəsində isə istintaq aparılır.

O iddia edib ki, qiyamın səbəbi əsgərlərdən birinin zabitə “öz qaydasını qəbul etdirmək” cəhdi olub. Və başqa əsgərləri də öz tərəfinə cəlb edib. Müdafiə Nazirliyinin foyesində narazı valideyinlərlə Ovanisyan arasında mübahisə yaranıb. Valideyinlər övladlarının Qarabağa göndərilməklə cəzalandırılmasına etiraz edib. Ovanisyan isə deyib ki, əsgərlərin Qarabağa göndərilməsi cəza deyil: “Cəzalandırılıblar nə deməkdir? Bir hərbi hissədən digərinə köçürülmə cəza deyil. Üstəlik onlar təkcə Qarabağa göndərilməyiblər, bütün sərhədyanı hərbi hissələrə paylanıblar. Dördü Berdə, bir neçəsi Sisyana göndərilib”.

Lakin əsgərlərin valideyinləri bu cavabla kifayətlənməyiblər. Bildiriblər ki, püşkatma ilə onların övladları Mehridə xidmət etməli olduğu halda Qarabağa göndərilməli deyildi. Ovanisyan bu zaman özünü saxlaya bilməyib və öz sözləri ilə desək “çox pis cavab” verib: “Əgər kimsə düşünürsə ki, Ermənistanın Qarabağa aidiyyatı yoxdur, səhv edir”.

O, əlavə edib ki, qaydaları pozanları təkcə Qarabağa yox, Ermənistan ərazisindəki digər hərbi hissələrə də göndəriblər. “Mən özümü təhqir olunmuş sayıram. Sizin dediyinizə görə kimsə Qarabağda xidmətə göndərilirsə deməli onun sonudur?”-Ovanisyan deyib.

Valideyinlərlə Ovanisyan arasındakı mübahisə zamanı Ermənistan ordusu barədə daha bir biabırçı fakt ictimailəşib. Məlum olub ki, hərbi xidmətə göndərilənlər üçün formanı onların valideyinləri alırmış. Və bu zaman imkanı yaxşı olan valideyinlər övladlarına daha yaxşı, keyfiyyətli uniforma alıb göndərirlər. Bunt qalxmış hərbi hissənin zabiti Qasparyan isə belə əsgərlərdən birinin uniformasını cırıb.

-Bəs hansısa Qasparyanın uniformanı cırmaq haqqı vardı?-əsgər analarından biri soruşub.

-Siz həmin uniforma üçün nə qədər pul vermişdiniz?-Ovanisyan ona deyib.

-Bu vacib deyil.

-Xeyr. Bunun prinsipial əhəmiyyəti var! O, belə hərbi forma daşımaq hüququna malik deyil. Hətta mən özüm də belə forma geyinməyi özümə rəva görə bilmərəm, siz ona həmin formanı necə göndərmişdiniz?-Ovanisyan əsəbi halda deyib.

-Nəyə görə ailə hərbi qulluqçular üçün forma, yaxud nəsə başqa şey alıb göndərməlidir?-müxbirlərdən biri mübahisəyə qarışıb. Ovanisyan bildirib ki, ümumiyyətlə valideyinlər belə etməli deyillər: “Mən 21 ildir ordudayam, yaxşı bilirəm ki, adam istəsə valideyinlərinin göndərdiyi hərb formasız da xidmət keçə bilər”.

Xatırladaq ki, Ermənistan ordusunda təchizatın bərbad durumda olduğu, əsgərlərə heç it də yeməyən yeməklərin verildiyi, hərbi formalarının köhnə olduğu barədə faktlar bundan əvvəl də məlum idi. O cümlədən baş nazir Nikol Paşinyan demişdi ki, Qarabağda xidmət edən oğlu tez-tez evə zəng vurub yemək istəyir. Çünki hərbi hissədə verilən yeməkləri yemək mümkün deyil.


Oxunma sayı: 5709

Oxşar yazılar