“Milyonları yeyənlər qalıb bir tərəfdə, mənə 9 il həbs cəzası verilib” - Keçmiş məmurun qohumu danışdı

  • 26 Mar - 2019

“Azərbaycan Dəmir Yolları” QSC-nin keçmiş rəhbəri və nəqliyyat nazirinin keçmiş müavini olmuş Arif Əsgərovun milyonlarla dollarlıq dələduzluq əməlinə görə mühakimə edilən qohumunun apellyasiya şikayəti üzrə məhkəmə prosesi yekunlaşıb.

Virtualaz.org-un xəbərinə görə, dələduzluqda ittiham olunan  Rahib Hüseynov keçmiş nəqliyyat nazirinin müavini Arif Əsgərovun baldızı oğludur. A.Əsgərov nazir müavini olmamışdan öncə 2004-2015-ci illərdə “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbəri vəzifəsində işləyərkən Rahib də adıçəkilən idarədə çalışıb. Sonradan o, xaricdən dəmiryoluna aid avadanlıqlar, vaqonlar üçün yataq dəstləri gətirmək adı ilə müxtəlif şəxslərdən milyonlarla pul alaraq onları aldatmaqda ittiham olunaraq, Bakı Ağır Cianyətlər Məhkəməsinin hökmü ilə 9 il azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan R.Hüseynov  məhkəmədə çıxış edərkən elan olunmuş ittihamlarla razılaşmadığını, pulları xalası oğlu – sabiq nazir müavininin oğlu Elnar Əsgərovun aldığını deyib: “Mən iki ayaqlı inkassator maşın idim, nə deyirdilər, onu eləyirdim. İndi özləri çəkilib durub bir kənarda, məni veriblər irəli. Milyonları yeyənlər qalıb bir tərəfdə, mənə 9 il həbs cəzası verilib. Halbuki, mən adi fiquram, heç kiməm”.

R.Hüseynov ifadəsində göstərib ki, əslində adamlardan pullar faizlə alıblar. Hər ay xalasıgildən o adamlara faiz göndərilib, o da aparıb verib. Pul sahiblərinin əksəriyyəti vəzifəli şəxslərin övladları olub. Faiz dayanan kimi hüquq-mühafizə orqanlarına şikayət ediblər: “Bu məsələlər 2013-cü ildən başlamışdı. O vaxt məni 6 ay “Bandotdel”də,  5 ay da Kürdəxanı təcridxanasında saxladılar. Həmin müddətdə Arif Əsgərov 30 nəfərə 48 milyon pul payladı. Bu pulları hardan alıb qaytardı? Onların günahı yox idisə, niyə qaytarırdılar? 11 aydan sonra cinayət işinə xitam verib, məni də buraxdılar. Pul verənlərdən biri də Elnarın bacanağı, icra başçısının oğlu Qoşqar Zeynalov (Tovuzun sabiq icra başçısının oğlu, Dövlət Yol Polisi İdarəsinin zabiti - red.) idi. 2016-cı ildə nə oldusa, Qoşqarın əli ilə şikayət verib, xitam qərarını ləğv elətdirdilər, məni həbsə göndərdilər”.

R.Hüseynov baş verənlərdən xalası Xatun Əsgərovanın da xəbərdar olduğunu, pulların alınmasını, fazilərin verilməsini oğlu Elnarla birgə müəyyənləşdirdiklərini deyib: “O idarə Xatun və Arif Əsgərovun ər-arvad birgə biznesi idi. Vaqon üçün 30 manatlıq yataq dəsti Dəmiryol İdarəsinə 250 manata satılırdı. Büdcənin pullarını onların evində axtarmaq lazımdı. Gərək ora Dəmiryol İdarəsi yox, “filankəsin atasının şirkəti” deyəydilər”.

R.Hüseynovun vəkili Sevil Hacıyeva birinci instansiya məhkəməsində işin hərtərəfli və ədalətli araşdırılmadığını bildirib. Vəkil deyib ki, bu işin başında Dəmiryol İdarəsinin keçmiş rəhbərliyi dayanır, ona görə də mütləq adı çəkilən şəxslər, o cümlədən Arif Əsgərov dindirilməlidir. Vəkilin vəsatəti təmin edilməyib. Həmçinin, R.Hüseynovun apellyasiya təmin olunmayıb, birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb. Vəkil qərardan Ali Məhkəməyə şikayət verəcəklərini deyib: “Bu iş faktiki araşdırılmayıb. Halbuki, araşdırılsa, çox ciddi faktlar üzə çıxar. Ona görə sona qədər gedəcəyik”.


Oxşar yazılar