Bakıda ticarət mərkəzində baş verən yanğın söndürülüb - Yenilənib

  • 15:23 - 26 Mart

“Diqlas” Ticarət Mərkəzində baş verən yanğın söndürülüb.  

Yanğın nəticəsində ticarət mərkəzinin binası tam yararsız hala düşüb. 

***

 

Hazırda yanğın baş verən ərazidə olan əməkdaşımız xəbər verir ki, yanğının söndürülməsi üçün 2 əlavə helikopter, 6 təcili yardım briqadası cəlb olunub. Polis əməkdaşları mallarını xilas etmək istəyən mağaza sahiblərini ərazidən çətinliklə uzaqlaşdırırlar.

Ticarət mərkəzində 500-ə yaxın mağazaya təxminən 30 milyon manata yaxın ziyan dəydiyi bildirilir.

Mağaza sahiblərinin çoxunun halı pisləşib, ürəyi gedənlər var. Mağaza sahiblərindən ikisi 300 min manata yaxın mallarının kül olduğunu bildirir. Onların sözlərinə görə, yanğın ticarət mərkəzinə bitişik yerləşən dönərxanadan başlayıb. Ardından partlayış baş verib. Ərazi tünlük olduğundan yanğınsöndürənlərin içəri girməsi çətin olub.

Ticarət mərkəzinin birinci mərtəbəsindən 4-cü mərtəbəsinə kimi bütün mağazaların yandığı bildirilir.

Hazırda fövqəladə hallar naziri Kamələddin Heydərov, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov və digər rəsmilərin hadisə yerinə gəldiyi bildirilir.

Yanğın davam edir.

Yanğının söndürülməsi zamanı Fövqəladə Hallar Nazirliyinin bir əməkdaşı xəsarət alıb. Onun təcili tibbi yardım briqadası ilə 3 saylı Sabunçu Rayon Klinik Xəstəxanasına aparıldığı bildirlir. FHN əməkdaşı yanğını söndürərkən əlindən kəsik xəsarəti alıb.

◀▶

*   *   *

Əməkdaşımız hadisə yerindən xəbər verir ki, “Diqlas” Ticarət Mərkəzində baş vermiş və hazırda davam edən güclü yanğınla bağlı bütün perimetr boyu təhlükəsizlik tədbirləri görülüb. Hadisə səbəbindən Qara Qarayev prospektinin metronun “Neftçilər” stansiyasından üzü “Xalqlar dostluğu” stansiyasına qədər olan hissəsi bağlıdır. Həmin yoldan keçən marştut avtobuslarının istiqaməti dəyişdirilib, avtobuslar B.Çobanzadə küçəsinə yönəldilib. Hazırda FHN-nin vertolyotları da cəlb olunmaqla yanğınsöndürənlər güclü alovla mübarizə aparmaqdadır.

***10:33

Bakının Nizami rayonu ərazisində yanğın hadisəsi baş verib.

Virtualaz.org bildirir ki, yanğın paytaxtın 8-ci kilometr adlanan ərazisindəki "Diqlas" Ticarət Mərkəzində qeydə alınıb.

Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin müvafiq bölmələri və Aviasiya dəstəsinin iki helikopteri cəlb olunub.

Virtualaz.org-un hadisə yerində olan əməkdaşları xəbər verirlər ki, alov şiddətlənərək 8-ci kilometr bazarındakı bir neçə obyekti də bürüyüb.

Bazara gedən yollar hər tərəfdən bağlanıb. 

Polis əməkdaşları ticarət mərkəzini mühasirəyə alıblar və ticarətçilərə öz obyektlərinə yaxınlaşmağa icazə vermirlər.

Ticarətçilər ümidsizlik içərisindədirlər, onlardan bir çoxu bütün olub-qalanlarını itiriblər.

"Mənim 400 min manatlıq malım yanıb, amma məni də öz obyektimə yaxın  buraxmırlar. Hətta bilmirəm, sonrası necə olacaq. Mən hər şeyi itirdim", - deyə virtualaz.org-un müxbirləri ilə söhbətdə ticarətçilərdən biri deyib.

Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

 

 

 

 


Oxunma sayı: 5082

Oxşar yazılar