"Şərqi Avropa diqqətini Azərbaycana yönəldir"

  • 25 Mar - 2019

Rusiyanın "Şimal axını-2” layihəsi ilə gözlənilməz dəyişikliklər fonunda Şərqi Avropa ölkələri Azərbaycanın "Cənub Qaz Dəhlizi"nə getdikcə daha çox maraq göstərirlər. Azərbaycan Qədim Qitənin enerji təhlükəsizliyinin təmin edilməsində əsas rol oynayacaq, çünki təkcə tədarükçü kimi yox, həm də Qazaxıstan və Türkmənistan qazının tranzit ölkəsi kimi çıxış edəcək.

Azərbaycanın dünya siyasətində artan rolunu etiraf edən ölkələrdən biri də Sloveniyadır. Sloveniyanın sabiq prezidenti Danilo Türk virtualaz.org-a verdiyi müsahibədə Avropanın enerji təhlükəsizliyi baxımından Azərbaycanın əhəmiyyəti ilə bağlı fikirlərini bölüşüb.

 

 

- Əgər ABŞ-ın təzyiqi altında "Şimal axını-2" qeyri-müəyyən müddətə təxirə salınarsa, bu,  Şərqi Avropa ölkələrinin enerji planlarına təsir edəcəkmi?

- Düşünürəm ki, "Şimal axını-2" layihəsi hər halda reallaşdırılacaq. İndi o, Avropa istehlakçıları və qazın tranzit ölkəsi olmaq istəyənlər arasında ciddi rəqabət və kəskin mübahisələr obyektidir. Və baş verənlər çoxlarını narahat edir. Ancaq mənim fikrimcə, layihəni dayandırmaq böyük səhv olacaq. Ona artıq çoxlu vəsait qoyulub. "Şimal axını-2"də başqalarından daha çox, əlbəttə, Almaniya maraqlıdır. Və indi ehtiraslar elə qızışdırılır ki, sanki bu, Avropaya tək qaz kəməri olacaq. Halbuki digər qaz xətləri də meydana çıxacaq və hər hansı bir boruya başqaları üçün maneə kimi baxmaq lazım deyil.

-Həm Avropa İttifaqı, həm də ABŞ tərəfindən tam dəstəklənən "Cənub Qaz Dəhlizi" layihəsinə Şərqi Avropada münasibət necədir?

-TAP-TANAP və bütövlükdə "Cənub Qaz Dəhlizi"nə gəlincə,  Sloveniya Avropaya qazın çatdırılması üzrə bu layihəyə, marşrutun daha cənub istiqamətindən keçdiyi üçün, qoşulmayıb. Onda Türkiyə, Yunanıstan, Albaniya və Cənubi İtaliya iştirak edir. Sloveniya isə İtaliyanın şimal hissəsinə daha yaxındır. Amma kim bilir, bəlkə gələcəkdə bu boru kəmərinin əhəmiyyəti artacaq. İndi onlar Sloveniyanın cənubundakı ölkələrdən keçir, lakin gələcəkdə bizim də onlara maraq göstərəcəyimiz istisna deyil. Biz Sloveniyanın şimalından və cənubundan hansı qaz kəmərlərinin keçdiyinə  biganə deyilik. Hazırda biz qazı Rusiyadan Avstriyadan tranzit keçməklə, eləcə də İtaliya vasitəsi ilə Əlcəzairdən alırıq. İndi isə cənub istiqamətindən Avropaya Azərbaycan qazı gələcək. Təbii ki, bu, Avropada qaz bazarının ümumi mənzərəsinə təsir edən yeni bir amil olacaq.

Sloveniyanın iki təbii qaz mənbəyi var - Rusiya və Əlcəzair. Rusiya qazı Ukrayna, Macarıstan və Avstriyadan keçir. Başqa bir qaz boru kəməri İtaliya vasitəsilə Sloveniyaya Əlcəzairdən gedir. Lakin biz qaz tədarükünün şaxələndirilməsində maraqlıyıq və bu strateji kontekstdə “Cənub Qaz Dəhlizi”nin tətbiqi Sloveniya üçün vacibdir.

- "Şimal axını-2" ilə bağlı Avropa ölkələrinin mövqeyi bölünüb. Deyək ki, Polşa qəti surətdə bu layihəyə qarşı çıxır, Almaniya isə onu dəstəkləyir. Rusiya layihəsi Avropanın parçalanmasına səbəb olmaz ki?

- Tam belə deyil. "Şimal axını-2"ni yalnız Almaniya deyil, Niderland, Fransa, bəzi digər ölkələr də dəstəkləyirlər. Biz nə qədər çox mənbəyə malik olacağıqsa, qazın qiyməti də bir o qədər aşağı olacaq. Və bu istehlakçılar üçün yaxşıdır.

Ukraynaya gəlincə, bu ölkə Rusiya qazı üçün ödəniş etməlidir, lakin, necə deyərlər, çox səliqəsiz ödəyici olub. Ukraynalıların istehlak etdikləri qaz üçün ödənişlə bağlı problemləri var. Əlbəttə ki, Rusiya və Ukrayna arasındakı bu problem həll olunmalıdır, özü də beynəlxalq arbitrajın iştirakı ilə.

- Amma bu yalnız iqtisadi yox, həm də siyasi faktordur axı: "Şimal axını-2" Ukraynadan yan keçəcək və Kiyev Avropaya Rusiya qazının tranziti üçün mötəbər gəlir mənbəyindən məhrum olacaq, ölkələr arasında münaqişə daha da dərinləşəcək…

- Ukraynanın qaz kəmərləri saxlanacaq, onları sökməyəcəklər. Sadəcə Ukrayna qazın tranziti üçün daha az pul alacaq. Həm də qaz üçün qiymət yeni marşrut üzrə böyük çatdırmalar hesabına da azala bilər.

-  Avropada Rusiyanın qaz bazarında inhisarçılığından ehtiyat etmirlər ki?

- Xeyr, bu problem deyil. Alternativ mənbələr var – Əlcəzair, Qətər, ABŞ, Azərbaycan. Avropa qazın aşağı qiymətlərlə alınmasında maraqlıdır. Rusiyadan tamamilə asılı olduğumuz zaman ödəyirdik, amma indi daha çox rəqabət olacaq və "Qazprom" daha diqqətli olmalıdır. Rəqabət-bu yaxşıdır.


Oxşar yazılar