Ankarada birinci Türk Dünyası Qurultayı təşkil olunub

  • 24 Mar - 2019

Ankara şəhərində Turan Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı tərəfindən birinci Türk Dünyası Qurultayı təşkil olunub.

Avropa.info xəbər verir ki, türkdilli ölkələrdən dəvət olunan nümayəndə heyətlərinin iştirakı ilə keçirilən qurultayın iştirakçıları Türkiyə Respublikasının banisi Mustafa Kamala Atatürkün məzarını – Anıtqəbiri ziyarət ediblər.

Açılışdan əvvəl Novruz tonqalı yandırılıb, dəmirdöymə mərasimi olub.

Ulu öndər Mustafa Kamal Atatürkün xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Türkiyənin dövlət himni səsləndirilib.

Turan Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının sədri Dərviş Rəcəb Var rəhbərlik etdiyi təşkilatın məqsədlərindən, o cümlədən qurultayın qarşıya qoyduğu vəzifələrdən danışıb.

Açılış mərasimində çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev və Milli Məclisin deputatı Adil Əliyev Azərbaycanın türk dünyası ilə əlaqələri, Türkiyə ilə münasibətlərin dinamik inkişafı, iki qardaş ölkənin birgə səyləri ilə həyata keçirilən iqtisadi layihələrin əhəmiyyətindən danışıblar. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələr üzrə sürətlə inkişaf edən Azərbaycan dövlət müstəqilliyini qorumaq üçün bütün imkanlara sahibdir.

Çıxışlarda əminliklə ifadə olunub ki, Turan Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı qısa zamanda türk dünyasının birliyi və qarşılıqlı inteqrasiya prosesində böyük hədəflərə nail olacaq.

Ülkər Piriyevanın aparıcılığı ilə keçirilən mərasim bədii hissə ilə və ziyafətlə davam edib.


Oxşar yazılar