Yeni Zelandiyanın Kraystçörç şəhərindəki məscidlər yenidən qapılarını dindarlar üçün açıb

  • 11:15 - 23 Mart

Yeni Zelandiyanın Kraystçörç şəhərində terror aktına məruz qalan iki məscid yenidən qapılarını dindarların üzünə açıb.

Bu barədə “Yeni Zelandiya Radio”su məlumat yayıb.

Bildirilir ki, terror hücumuna məruz qalan məscidlər təmir edilib, onların ətrafındakı polis kordonunun sayı azaldılıb, ətrafdakı yollar isə hərəkət üçün açılıb.

Kraystçörç şəhər polisinin saytında yerləşdirilən məlumatda isə deyilir: “Bu gün polis Ən-nur və Linvud məscidlərini tamamilə yerli icmaya təhvil verib. Lakin buna baxmayaraq, hər iki məscidin, o cümlədən Yeni Zelandiyadakı bütün məscidlərin silahlı mühafizəsi davam etdiriləcək”.

Xatırladaq ki, polisin verdiyi məlumata görə, Kraystçörç şəhərinin iki məscidində törədilən terror aktı nəticəsində 50 nəfər həlak olub, daha 50 nəfər müxtəlif xəsarətlər alıb. Yeni Zelandiyanın Baş naziri Casinda Ardern baş verən faciəni terror aktı adlandırıb. Terror aktının törədilməsində təqsirli qismində Avstraliya sakini 28 yaşlı Brenton Tarrantu saxlanılıb. İlkin dinləmələrdən sonra məhkəmə onun həbs müddətini aprelin 5-dək uzadıb.


Oxunma sayı: 4851

Oxşar yazılar