Aİ-nin Bakı nümayəndəliyinin rəhbəri avropalılar üçün vizaları ləğv etməyə çağırdı

  • 21:20 - 22 Mart

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas virtualaz.org-da dərc olunmuş “Yalnız Azərbaycan avropalıları vizasız ölkəyə buraxmır” başlıqlı yazıya münasibət bildirib. 

İlk öncə Yankauskas sayta dövlət sərhədlərinin vizalı və vizasız keçidi qaydalarında problemlərin obyektiv işıqlandırılmasına görə minnətdarlığını bildirib. Bununla birlikdə, Avropa təşkilatının təmsilçisinin fikrincə, Azərbaycan hər halda Avropa İttifaqı ölkələrinin vətəndaşları üçün vizasız gediş-gəliş haqqında qərar qəbul etməlidir, çünki bu, dövlətə şübhəsiz fayda gətirəcək. 



“Unikal ölkəniz var və təəssüf ki, avropalılar sizin barənizdə belə az bilirlər. Bax, bu yaxınlarda Bakıda danimarkalı məktəblilərin nümayəndə heyəti qonaq idi, onlar ölkənizə sadəcə valeh olmuşdular. Nəyə görə Azərbaycan öz üstünlüklərindən istifadə etməsin və ölkəyə daha çox avropalı turist cəlb olunmasın? 

Ötən il ərzində Azərbaycanı 100 min nəfərdən bir qədər çox avropalı ziyarət edib. Nəzərə alınsa ki, qonşu ölkələri il ərzində 1 milyona yaxın avropalı turist ziyarət edir, bu, çox azdır. Azərbaycanın rəsmi şəxsləri ilə görüşlərdə biz bu məsələni qaldırırıq və onlar bizim mövqeyimizlə razılaşırlar, lakin addımların qarşılıqlı atılmasının zəruriliyini bildirirlər. 

Lakin Gürcüstan və Ukrayna üçün Aİ tərəfindən viza rejimi ləğv edilənə qədər bu ölkələr birtərəfli qaydada avropalılar üçün vizaları ləğv etmişdilər. Sizin vətəndaşlarınız üçün vizasız rejim üzrə görüşlər və söhbətlər aparılır, vizaların və readmissiyaların sadələşdirilməsi haqqında sazişin qəbul edilməsi barədə danışıqların növbəti raundu bu ilin ortalarında Bakıda keçiriləcək. 

Bir çox məsələlər razılaşdırılandan sonra biz Azərbaycana yol xəritəsinin təqdim olunmasına çatacağıq”, - Kestutis vəd verib və əlavə edib ki, paralel olaraq aviasiya sazişi barədə danışıqlar aparılır və hazırda bu mövzuda Azərbaycan tərəfinin cavabını gözləyirlər.


Oxunma sayı: 7348

Oxşar yazılar