Avropa İttifaqından İsrailə zərbə: “Qolan təpələri Suriyanın ərazisidir”

  • 22 Mar - 2019

"Avropa İttifaqı ABŞ-ın Qolan təpələri üzərində İsrailin suveren hüquqlarını tanımaq niyyətini bildirməsi müqabilində oxşar addım atmaq fikrində deyil". RİA “Novosti” xəbər verir ki, bunu Avropa Xarici Fəaliyyət Xidmətinin sözçüsü Maya Kosyançiç bildirib.

“Aİ-nin mövqeyi dəyişməyib. Beynəlxalq hüququ əsas tutan Avropa İttifaqı İsrailin Qolan təpələri da daxil olmaqla, 1967-ci ildən sonra işğal etdiyi ərazilər üzərində suverenliyini tanımayaraq həmin torpaqları İsrail ərazisinin bir hissəsi hesab etmir”, - deyə Aİ rəsmisi qeyd edib.

Ərəb Dövlətləri Liqası (ƏDL) da İsrailin Qolan təpələri üzərindəki suveren hüquqlarını tanıyacaqları barədə ABŞ Prezidenti Donald Trampın açıqlamasını rədd edib. Təşkilatın baş katibi Əhməd Əbul-Ğəyt bildirib ki, Ərəb Dövlətləri Liqası Suriyanın işğal olunmuş ərazilərinə dair hüquqlarını bütövlüklə dəstəkləyir: "Biz həmin problemə dair qətnamələrimizə əsaslanan xüsusi mövqe tuturuq”.

Qeyd edək ki, D.Tramp “Twitter” səhifəsində bunları yazıb: “52 il sonra Birləşmiş Ştatlar üçün İsrail Dövləti və regional sabitlik üçün müstəsna strateji və təhlükəsizlik əhəmiyyəti kəsb edən Qolan təpələri üzərində İsrailin suverenliyini bütövlüklə tanımaq vaxtı yetişib”.


Oxşar yazılar