Avstriya məhkəməsi imperator nəvəsini zadəgan titulundan istifadə etdiyinə görə cərimələyib

  • 11:30 - 21 Mart

Avstriya-Macarıstan İmperiyasının sonuncu imperatoru Karl Habsburq-Lotringenin nəvəsi, ershersoq Karl Habsburq zadəgan titulundan istifadə etdiyinə görə Vyana İnzibati Məhkəməsi tərəfindən cərimələnib.

Şəxsi internet səhifəsində adını Karl fon Habsburq kimi qeyd etdiyinə görə, imperator nəvəsi Zadəgan titullarının ləğvinə dair 1919-cu il Qanununu pozmuş sayılıb. Həmin qanuna əsasən, Avstriya Respublikası vətəndaşlarına zadəgan titullarından istifadə qadağandır. Buraya zadəgan nəslinə aidliyi bildirən “fon“ mənsubiyyət kəlməsi da daxildir.

Avstriyanın, eləcə də Mərkəzi Avropanın tarixində mühüm rol oynamış və 650 il hakimiyyətdə olmuş Habsburq-Lotringen sülaləsinin nümayəndəsi Karl Habsburq ona məxsus www.karlvonhabsburg.at səhifəsində zadəgan titulundan istifadə edib. Avstriyadan idarə edilən saytda ölkə qanunvericiliyinin pozulmasını nəzərə alan Vyana Şəhər Magistratı Karl Habsburqa bu tituldan istifadəni qadağan etməklə yanaşı, onu 70 avro cərimə edib. Magistratın qərarına qarşı İnzibati Məhkəməyə şikayət verən K. Habsburq burada da uğur əldə edə bilməyib. Vyana İnzibati Məhkəməsi pul cəriməsini ləğv etsə də, tituldan istifadə qadağasını qüvvədə saxlayıb.


Oxunma sayı: 6039

Oxşar yazılar