Türkiyədə Koroğlunun nəhəng abidəsinin açılışı oldu

  • 00:12 - 20 Mart

Martın 19-da Türkiyənin Bolu şəhərində Koroğlunun nəhəng abidəsinin açılışı olub.

Bu münasibətlə Bolu bələdiyyəsi və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) birgə təşkilatçılığı ilə Novruz şənliyi və abidənin açılış mərasimi keçirilib.

Mərasimdə rəsmi şəxslər, türkdilli ölkələrdən gələn çoxsaylı qonaqlar, Boluda təhsil alan xarici tələbələr, yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra Türkiyənin dövlət himni səsləndirilib.

Dəmir döymə mərasimi və Novruz tonqalı yandırılandan sonra “Koroğlu” dastanından parçalar oxunub.

Rəsmi hissədə Bolu Bələdiyyəsinin sədri Ələddin Yılmaz, Bolu valisi Əhməd Ümid, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Qazaxıstan Rəssamlıq Akademiyasının prezidenti Amandos Akanayev və Koroğlu abidəsinin müəllifi, Qazaxıstanın tanınmış heykəltəraşı Murad Mansurovun çıxışları dinlənilib.

Çıxışlarda diqqətə çatdırılıb ki, türksoylu xalqların ortaq milli dəyəri olan Koroğlunun Boluda belə bir möhtəşəm abidəsinin ucaldılması ümumiləşdirilmiş şəkildə xalq qəhrəmanlarımıza göstərilən milli ehtiramın göstəricidir. Vurğulanıb ki, Koroğlu türksoylu xalqlarda nəsillərin formalaşmasına böyük təsir göstərən əbədi qəhrəmandır. Türksoylu xalqlar bundan sonra da Koroğlunun qəhrəmanlıq obrazından iftixar duyacaqlar. Əminliklə qeyd olunub ki, Türkiyəyə səfər edən bütün qonaqlar, o cümlədən türksoylu insanlar Boludakı nəhəng Koroğlu abidəsini seyr etməkdən zövq alacaqlar.

Məlumat verilib ki, Koroğlu abidəsinin ucaldılması TÜRKSOY-un təşəbbüsü ilə 2016-cı ildə start götürən “Koroğlu” abidə müsabiqəsi əsasında həyata keçirilib. Müsabiqədə 11 layihə iştirak edib. Qalib layihənin müəllifi Qazaxıstanın tanınmış heykəltəraşı Murad Mansurovdur. Abidənin yerləşdiyi və eyniadlı milli park statusu verilən ərazi 100 min kvadrat metrdir. Abidə Qazaxıstanda düzəldilib və hissələrlə Boluya gətirilərək quraşdırılıb. Abidənin yerləşdiyi kompleksin altındakı sahə Koroğlu muzeyi və sərgi salonu kimi nəzərdə tutulub. Bu muzeydə türkdilli ölkələrdə Koroğlu ilə bağlı yaradılan ən dəyərli əsərlər sərgilənəcək.

AzərTAc bildirir ki, mərasim geniş bədii hissə ilə davam edib.

◀▶


Oxunma sayı: 8118

Oxşar yazılar