Ermənistandakı azərbaycanlı girovdan yeni məlumat

  • 11:05 - 19 Mart

Ermənistanda tutulmuş Azərbaycan vətəndaşı İbrahimov Elvin Arif oğlundan yeni xəbər var.

Qazax rayonunun Yuxarı Salahlı kəndinin 1986-cı il təvəllüdlü sakini Elvin İbrahimov martın 16-na keçən gecə Ermənistanın Noyemberyan rayonu ilə sərhəd xəttində yolu azaraq qarşı tərəfə keçib. Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyası bəyan edib ki, Elvin İbrahimov sərhədi keçərkən Ermənistan hərbçilərinin açdığı atəş nəticəsində yaralanıb. Elvin İbrahimovun ruhi xəstəxanada qeydiyyatda olduğu vurğulanıb.

Avropa.info Novator.az-a istinadla xəbər verir ki, Ermənistanın ombudsmanı Arman Tatoyan martın 18-i xəstəxanada Elvin İbrahimova baş çəkib.

Ayağından yaralanan Elvin İbrahimova Ermənistanın dövlət sərhədini qanunsuz keçmək ittihamı ilə cinayət işi qaldırılıb. Ombudsmanın müstəntiqlə və Elvin İbrahimovun vəkili ilə cinayət işinin detallarını müzakirə etdiyi bildirilir.

İddiaya əsasən, Elvin İbrahimov ombudsmanla söhbətində ailə üzvləri ilə əlaqə saxlamağa kömək göstərilməsini xahiş edib. Bu məsələnin həll ediləcəyi vəd olunub.

Ombudsmanın girova Azərbaycan dilində hüquq vəsaiti təqdim etdiyi vurğulanır.


Oxunma sayı: 7678

Oxşar yazılar