İranlı Hacının “ot”u və azərbaycanlıların sərgüzəştləri

  • 11:09 - 16 Mart

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda narkotik vasitələrin dövriyyəsində ittiham olunan Masallı rayon sakini 40 yaşlı İltimas Əliyev və Lənkəran rayon sakini 30 yaşlı İsmət Babayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Virtualaz.org-un xəbərinə görə, İltimas Əliyev istintaqla müəyyən edilməyən İran İslam Respublikasının vətəndaşı “Hacı” və digər şəxlərlə əlbir olaraq iki ədəd bağlamadakı külli miqdarda narkotik vasitəni Masallı rayonunun Qəriblər kəndi ərazisində əldə edib. Bağlamanın birini həmin rayonun Alvadı kəndi ərazisində istintaqa məlum olmayan şəxsə verib. Digər bağlamanı - içərisində 1 kiloqram 100 qram heroini isə tanışı İsmət Babayevin idarə etdiyi avtomobillə Sumqayıt şəhərinə gətirib satmaq istəyərkən Sumqayıt Şəhər Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən saxlanılıb.

Təqsirləndirilən İltimas Babayev ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilib. O, ifadəsində tanışı İsmətin onunla əlbir olmadığını, ümumiyyətlə, bu hadisədən İsmətin xəbərsiz olduğunu göstərib: “Bakıda parnikdə fəhləlik edirdim. İranın Germi şəhərində yaşayan tanışım Hacı zəng vurub dedi ki, Qəriblər kəndi ərazisində bir əmənət var, Bakıya çatmalıdır. Narkotik olduğunu bildim, iranlılar narkotik vasitəyə “ot” deyirlər. Mənə dedi ki, əgər gedib “ot”u götürməsən, itib-batacaq. Həmin adam Hacıya 1000 manat verməli idi. Mənə dedi ki, götürərsən, İrana gələndə söhbət edərik. Mən Hacını çoxdan tanıyıram, ona görə də, razılaşdım. Taksi ilə rayona getdim. Masallıya çatanda İsmət mənə zəng vurub dedi ki, rayondayam. Onunla “Şeybətin dairəsi”ndə görüşdük, çörək yedik. İsmətə Qəriblər kəndində işim olduğunu dedim”.

İ.Babayev deyib ki, gecə saatlarında İsmətin idarə etdiyi maşınla Qəriblər kəndinə yollanıblar. İsmətə işi olduğunu deyib və maşını yolun kənarında saxladıb, alışqanın işığı ilə həmin ərazidə “ot” axtarıb: “Gecə saat 1 radələri idi. Hacı telefonla istiqamət verirdi, mən də axtarırıdım. Yerdən sellofan torba tapdım, götürdüm. İsmətə dedim ki, məni Sumqayıta apar, adam var, onunla görüşməliyəm. Hacı mənə “ot”un kimə çatacağını deməmişdi, telefon nömrəsini vermişdi. Həmin nömrəyə zəng vurdum. Cavab verən şəxs dedi, xəstəyəm, qardaşım oğlunu göndərirəm, ona verərsən. Bakı-Quba yolunda gözlədim, gəldi, sellofanı ona verdim. Elə bu vaxt polis əməkdaşları yaxınlaşdılar və məni Bakı Şəhər Baş Polis İdarəsinə apardılar”.

İ.Əliyev ifadəsində deyib ki, narkotik vasitəni verdiyi adamla birgə polislər tərəfindən şöbəyə gətiriləndə tanışı İsmətin də orada olduğunu görüb: ”Həmin adamı mənimlə birgə şöbəyə gətirdillər. Amma sonradan gördüm yoxdur. Mən İsməti üç ildir tanıyıram, sürücüdür, Dağıstana gedib-gəlir. Bakıda işlərim olanda ya bibimgildə, ya İsmətgildə qalıram. Rayona onunla bir yerdə getməmişdim. İsmətin nəsə bilməsini istəmirdim. Onun bu işlərdən xəbəri olmayıb. Demişdim ki, bir nəfərdən pul götürəcəyəm”.

İ.Əliyev tərəflərin suallarını cavablandırarkən məlum olub ki, ötən il oktyabrın 24-də İsmət Babayev avtomobil icarəsi məntəqəsindən “Toyota Land Cruiser” markalı avtomobil icarəyə götürüb. İcarə haqqının 100 manatını İltimas verib. İ.Babayev avtomobillə İltiması rayona yola salmaq üçün “Lökbatan dairəsi”nə aparıb düşürüb, özü evə qayıdıb. Həmin gün axşam isə icarəyə götürdüyü maşınla Lənkərana yola düşüb. İsmətlə rayonda görüşən İltimas onu “İstisu” tərəfə aparmasını xahiş edib.

Təqsirləndirilən İsmət Babayev ona elan olunmuş ittihamlarla razılaşmayıb, sözügedən cinayət işində heç bir günahı olmadığını deyib.

Məhkəmə prosesi davam edir.


Oxunma sayı: 7007

Oxşar yazılar