Dövlət Baxçalı: "Badımcan bahadırsa dünyanın sonu deyil, yaz gələr, ucuzlaşar..." - Video

  • 14 Mar - 2019

Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı ölkədə keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı partiyasının Aksarayda keçirdiyi mitinqə qatılıb, kütlə qarşısında çıxış edib.

Virtualaz.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, o, 31 martda baş tutacaq seçkinin xalqın istiqlal seçimi olduğunu dilə gətirib, diqqəti tərəvəz məhsullarının, o cümlədən, badımcanın bahalaşmasına yönəldənlərə qarşı sərt ifadələr səsləndirib.

“31 mart bələdiyyə seçkiləri istiqlal seçimidir. Məsələni badımcana yönəldənlər pis niyyətli insanlardır. Azadlığı badımcanla müqayisə etmək düşüncəsizlik deyilmi? Badımcan, pomidor yazda bollaşır. Arzu edirik ki, hər kəs öz arzuladığını yesin, içsin. Kiminsə süfrəsində gözümüz yoxdur, amma badımcan bahalıdırsa, bu dünyanın sonu deyil”, - deyə D. Baxçalı bildirib.

Qeyd edək ki, son aylar Türkiyədə bir sıra tərəvəzlər, o cümlədən, kartof, soğan bahalaşıb. Hətta soğan qıtlığı yarandığı üçün Türkiyə hökuməti Azərbaycandan soğan idxal edir.

Xatırladaq ki, bir neçə il əvvəl Azərbaycanda da keçmiş Baş nazir Artur Rasi-zadə xiyarın baha olmasına münasibət bildirərkən demişdi ki, əgər xiyar bahadırsa, əhali duzlu xiyar yesin.


Oxunma sayı: 77

Oxşar yazılar