Sankt-Peterburq Universitetinin azərbaycanlı müəllimi – Heyransa Mirzəyeva kimdir…

  • 10:21 - 14 Mart

El arasında belə bir məsəl var: "Aslanın erkəyi, dişisi olmaz". Bir də deyirlər ki, filankəs kişi kimi qadındır. Haqqında söhbət açdığım Heyransa xanım da qadın zərifliyi ilə yanaşı, kişilərə xas olan bəzi müsbət keyfiyyətləri özündə ehtiva edə bilib. Qeyrətli, təəssübkeş, vətənpərvər, dəyanətli xanımdır. Fars, ərəb, ingilis, tacik dillərində sərbəst danışa bilir…

Xeyransa Mirzəyeva Bakı şəhərində dünyaya gəlib. Orta təhsilini 199 nömrəli məktəbdə başa vuraraq, 1975-ci ildə indiki Sankt-Peterburq Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə qəbul olunub. 1980-ci ildə oranı müvəfəqiyyətlə bitirərək, şərqşünas-filoloq kimi şərq dilləri və ədəbiyyatı ixtisasına yiyələnib. 1980-1982-ci illərdə indiki Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda baş laborant, 1982-1986-cı illərdə akademiyanın Tarix İnstitutunda kiçik elmi işçi, 1986-1989-cu illərdə Sankt-Peterburq Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin "Qədim Şərqşünaslıq kafedrası"nda intern-tədqiqatçı, 1989-1992-ci illərdə Sankt-Peterburq Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin "Qədim Şərq şöbəsi"nin aspirantı olub. 1993-2002-ci illərdə Rusiya Elmlər Akademiyasının nəzdində olan Beynəlxalq Əməkdaşlq Mərkəzində fars və ingilis dillərini tədris edib və xarici dillərin tədrisi üzrə yeni danışıq metodlarının hazırlanmasında iştirakçı olub. Eyni zamanda, 1998-2001-ci illərdə Azərbaycanın Sankt-Peterburqdakı fəxri konsulluğunda mədəniyyət üzrə konsulun müavini işləyib. 

2002-ci ildən indiyədək Sankt-Peterburq Dövlət Universitetinin Filologiya fakültəsində ingilis dilindən dərs deyir…

…Bir oğlu var - Şəmsi Kərimov. Şəmsi bəy anası kimi Sankt-Peterburq Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində oxuyub. Oranı Çin regionu üzrə mütəxəsisdir. Hazırda Müdafiə Nazirliyi sistemində zabit kimi tərcüməçi işləyir. 35 yaşı var…

Heyransa xanım ictimai fəaldır. Sankt-Peterburqda fəaliyyət göstərən Azərbaycanla bağlı bir neçə təşkilatda təmsil olunur. Bundan əlavə "Rusiya Mədəniyyət İşçiləri Yaradıcılıq Birliyi"nin, "Sankt-Peterburq şəhəri və Leninqrad vilayəti Qadınlar Birliyi" regionlararası ictimai təşkilatının üzvüdür, eləcə də Sankt-Peterburq şəhər oxucuları arasında keçirilən müsabiqəsinin münsiflər heyətinin sədridir. 

2018-ci ildə Sankt-Peterburq şəhərində milli mədəni dəyərlərimizi təbliğ etmək üçün "Natavan Azərbaycan Qadınları Birliyi" klubunu yaradıb.

Bu xanımın ictimai fəaliyyətinin ana xəttini isə təsisçisi və bədii rəhbəri olduğu "Çınar" vokal və xoreoqrafiya ansamblı təşkil edir. Artıq iyirmi ildən çoxdur ki, həmin ansambl Azərbaycan mədəniyyətinin Sankt-Peterburqda təmsilçisidir…

Deyir ki, "Çınar" öz formalaşmasında çətin yol keçib. 

“Tam 20 il əvvəl Novruz bayramı günlərində üç yeniyetmə qızla "Səməni" rəqsini səhnəyə qoyduq. Bir az sonra onlara beş qız da qoşuldu. Qısa bir müddətdə, ansambl solistlərinin sayı 8-ə çatdı, onların yaşı 6-dan 8-ə qədər idi. Bu tərkibdə ilk ictimai performansı Sankt-Peterburqda keçirilən “Şəhər günü” bayramında “Nəlbəki” rəqsinin ifasıyla başladıq. Tədbir Saray meydanında keçirilirdi. Minlərlə tamaşaçı kiçik ifaçıları sevinclə qarşıladı və bir həftə sonra biz artıq Sankt-Peterburq Jurnalistlər Evində çıxış edirdik. Beləliklə, şəhərin müxtəlif konsert salonlarında çıxış etməyə başladıq, festival və müsabiqələrə qatılaraq uzun bir yaradıcılıq yoluna qoşulduq. Bu günə qədər "Çınar" ansamblının repertuarında 25-dən çox rəqs və kompozisiya, eləcə də bir neçə vokal əsər ifa olunub. Kollektivimiz üç yaş qrupuna bölünür: 3-dən 7-yə, 8-dən 12-yədək və 13-dən 18-ə qədər. 
Bizim üçün xüsusi əhəmiyyətli hadisələrdən biri də Rusiya, Azərbaycan prezidentləri Vladimir Putin və Heydər Əliyev cənablarının iştirakıyla keçirilən Nizami Gəncəvinin abidəsinin Sankt-Peterburqda açılış mərasimində gənc solistlərimizin çıxışı idi"…

Heyransa xanım musiqini gözəl anlayır. Orta təhsil aldığı dövrdə həm də beş il 12 nömrəli musiqi məktəbində fortopianodan dərs alıb. Pianoda milli musiqilərimizi ifa etməkdən zövq alır. Arzulayır ki, Sankt-Peterburqda da "Azərbaycan Mədəniyyət Mərkəzi" açılsın və orada ana dilimiz tədris edilməklə yanaşı, müxtəlif dərnəklər fəaliyyət göstərsin. Ən böyük istəyi isə əminamanlıqdır. "Əminamanlıq olarsa bütün arzular həyata keçər"- söyləyir. 

Mənəvi zənginliyi insanın ən böyük var-dövləti hesab edir. Düşünür ki, mənəvi zənginlik olarsa adamın gözləri də tox olar, nəfsinə qalib gələr. Nizami Gəncəvidən nümunə gətirərək deyir ki, şair "İsgəndərnamə"ni qırx günə yazıb. “Böyük Nizami yazıb ki, həmin dövrdə yalnız arpa yeyirdim, zehnim açıq olsun deyə"…

Bəli, dünyanın ən gözəl şəhərlərindən biri Sankt-Peterburqda Azərbaycan mədəniyyətini təmsil edən bir xanım var- Heyransa Mirzəyeva…

Elman Eldaroğlu,
ABŞ, Miçiqan
Avropa.info


Oxunma sayı: 12199

Oxşar yazılar