Fövqəladə Komissiyanın hesabatı: "Bakıda təyyarədə bomba tapılmadı"

  • 11 Mar - 2019

Xəbər verdiyimiz kimi, Bəhreyndən Moskvaya uçan “Ural Hava Yolları” aviaşirkətinə məxsus təyyarə bu gün Bakı vaxtı ilə saat 14:56 dəqiqədə Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edib. İlkin məlumatlarda bildirilirdi ki, pilota təyyarənin göyərtəsində bomba olması barədə yazılmış kağız parçası ötürülüb və o, təcili eniş barədə qərar qəbul edib.

Virtualaz.org bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə Aviasiya Təhlükəsizliyi Komissiyasının rəhbəri, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, general-polkovnik Mədət Quliyev, həmçinin Komissiyanın üzvləri-Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev, AZAL-ın prezidenti Cahangir Əsgərov Heydər Əliyev Beynəlxalq Hava Limanına gəliblər.

Mümkün terror aktının qarşısını almaq və təyyarədə araşdırma aparmaq məqsədi ilə Komissiya üzvləri, habelə Azərbaycanın hüquq-mühafizə orqanlarının xüsusi bölmələri tərəfindən sərnişinləri dərhal evakuasiya etmək üçün zəruri profilaktik tədbirlər görülüb, təyyarəyə xüsusi texniki vasitələrlə baxış keçirilib.

Gözləmə otağına aparılan sərnişinləri AZAL-ın sədri Cahangir Əsgərov qarşılayıb və onlara istintaqın ilkin nəticələri barədə ətraflı məlumat verilib. Məlum olub ki, təyyarədə partlayıcı qurğu yerləşdirilməsi haqda mesaj yalandır. Hazırda istintaq orqanları təxribatçı hərəkətin detallarını müəyyən etmək üçün araşdırma aparırlar.

Beynəlxalq mülki aviasiya qaydalarına əsasən, pilotların mənəvi və psixoloji reabilitasiyası üçün təyyarə Moskvaya hadisədən yalnız 12 saat sonra qayıda bilər.

Yeri gəlmişkən, TASS “Ural Airlines” şirkətinə məxsus sərnişin təyyarəsinin Moskvaya sabah yola düşəcəyi barədə xəbər yayıb.

Xəbərdə deyilir: “Hadisə xüsusi xidmət orqanları tərəfindən araşdırılır. Bütün sərnişinlər mehmanxanalara yerləşdiriləcək. Onlar martın 12-si Bakı vaxtilə saat 10:00-da həmin təyyarə ilə Moskvaya yola düşəcəklər”.


Oxşar yazılar