Hikmət Babaoğlu: Azərbaycan dövləti həmişə vətəndaşlarının yanındadır

  • 18:05 - 09 Mart

Dövlət başçısı ilə vətəndaşlar arasında inam, etimad və etibar olduqda cəmiyyət, eyni zamanda, dövlət də inkişaf edir. Bunun başlıca səbəbi heç şübhəsiz ki, Prezident tərəfindən həyata keçirilən siyasət və onun xalq tərəfindən dəstəklənməsidir. Hakimiyyət-xalq vəhdəti buradan ortaya çıxır. Bunu zəruri edən şərtlər çoxdur və həmin şərtlər Azərbaycanda təmin olunubdur.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.

O qeyd edib ki, bunun hüquqi, sosial, iqtisadi əsasları var. Ancaq bu planda önə çıxan, ilk növbədə, Azərbaycan vətəndaşının rifahıdır, onun həyat keyfiyyətinin yaxşılaşdırılmasıdır ki, bu siyasət daim Azərbaycan Prezidenti tərəfindən həyata keçirilib və bu gün də davam etdirilir. Əgər biz bunu müxtəlif komponentlər üzrə qısaca səciyyələndirsək görəcəyik ki, burada əhalinin sosial rifahı ilə bağlı qəti qərarlar qəbul olunur və onların həyat keyfiyyəti yaxşılaşdırılır. Bir tərəfdən bu, ümumi qaydada daimi aparılan sosial siyasətdir. Bu, həm də Ermənistanın işğalı nəticəsində yaranan bir milyondan çox qaçqın və məcburi köçkünlərimizin sosial problemləridir. Müharibə iştirakçıları və şəhid ailələrinin sosial problemlərinin həllidir.

H.Babaoğlunun sözlərinə görə, digər tərəfdən forsmajor dediyimiz hallar var ki, burada sosial problemlər daha çox qabarıq və gözlənilmədən ortaya çıxır. Yəni zəlzələ, torpaq sürüşməsi kimi hallarda baş verən qəzalar nəticəsində sosial problemlər qeyri-planlı şəkildə birdən önə çıxır. Bunun həll olunması üçün heç şübhəsiz ki, yerində operativ qərarlar qəbul etmək lazım olur. Bu zaman təbii ki, ehtiyat resursları səfərbər etməklə problemin aradan qaldırılması yolları axtarılır. Bir ay bundan əvvəl zəlzələ baş verdi və İsmayıllı, Ağsu və Şamaxıda xeyli evlər dağıldı, uçdu və yaxud qəzalı vəziyyətə düşdü. Burada söhbət yüzlərlə evdən gedir. Gördüyünüz kimi çox operativ şəkildə bu istiqamətdə Azərbaycan Prezidentinin göstərişi ilə bütün müvafiq qurumlar öz işlərini qısa müddətdə yerinə yetirdilər.

“Artıq hər kəsə bəllidir ki, nə qədər ev zədələnib, nə qədər ev qəzalı vəziyyətdədir və nə qədər ev sökülüb təmir olunmalıdır, yaxud yenidən tikilməlidir. Həmin hadisədən bir ay ötüb və Prezident yenidən İsmayıllı, Ağsu və Şamaxı rayonlarında oldu. Şahidi oluruq ki, onlarla ev tikilir və tikilməsi başa çatmaq üzrə olan evlər var. Buna paralel olaraq bütövlükdə infrastruktur yenidən qurulur. Bu, çox vacib amildir”, - deyə Hikmət Babaoğlu bildirib.

Deputat qeyd edib ki, kommunikasiyaların qurulması isə ayrıca bir məsələdir və buna da xüsusi diqqət yetirilir. Ötən illər ərzində Azərbaycan Prezidentinin istər seçki təbliğatı-təşviqatı prosesində, istərsə də vaxtaşırı hökumətin hesabatı olduğu vaxtlarda daim önə çəkdiyi bir məsələ var. Bu vətəndaşların rifahıdır, onların sosial problemlərinin həll olunmasıdır. Sosial siyasət Azərbaycanda planlı şəkildə proqramlar üzrə həyata keçirilir və daimi xarakter daşıyır. Bununla bir daha sübut olundu ki, Azərbaycan dövləti həmişə vətəndaşlarının yanındadır.


Oxunma sayı: 4741

Oxşar yazılar