Çinin "Bir kəmər, bir yol" ölkələri ilə ticarəti 3 trilyon dolları ötüb

  • 13:00 - 08 Mart
Çin Xalq Respublikası "Bir kəmər, bir yol" strategiyası çərçivəsində 123 ölkə və 29 beynəlxalq təşkilat ilə ümumilikdə, 171 əməkdaşlıq müqaviləsi imzalayıb. Avropa.info xəbər verir ki, bunu Çinin Milli İnkişaf və İslahat Komissiyasının sədr müavini Nin Cice Pekində 13-cü çağırış Ümumçin Xalq Nümayəndələri Yığıncağının (ÜXNY) gedişində deyib. Çin rəsmisi 2013-cü ildə irəli sürülmüş "Bir kəmər, bir yol" təşəbbüsünün həyata keçirilməsi istiqamətində ötən müddətdə xeyli iş görüldüyünü bəyan edib. Bu dövrdə Çinin "Bir kəmər, bir yol" ölkələri ilə ticarəti ümumilikdə, 3 trilyon ABŞ dollarını ötüb. Çinin həmin ölkələrə birbaşa sərmayələri isə təxminən 70 milyard dollar olub. Bunun 15,6 milyard dolları 2018-ci ildə reallaşıb. Qeyd edək ki, Çinin dövlət başçısı Si Cinpin "Bir kəmər, bir yol" iqtisadi inkişaf strategiyasını 2013-cü ildə elan edib. Çin ilə Avrasiya və Afrika ölkələri, o cümlədən qədim İpək Yolu üzərində yerləşən dövlətlər arasında qarşılıqlı əlaqələrin inkişafına və ticari-iqtisadi əməkdaşlığın inkişafı ilə bağlı müvafiq infrastruktur yaradılmasına yönəlmiş bu strategiya iki mühüm inkişaf istiqamətini əhatə edir: "İpək Yolu İqtisadi Kəməri" və "Dəniz İpək Yolu". Söhbət malların güzəştli şərtlərlə Şərqdən Qərbə göndərilməsi üçün ticarət dəhlizlərinin yaradılmasından gedir. Azərbaycan Çinin bu strategiyasını dəstəkləyən ilk ölkələrdən biridir. Prezident İlham Əliyevin 2015-ci ilin dekabrında Çinə dövlət səfəri çərçivəsində "İpək Yolu İqtisadi Kəməri"nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu imzalanıb. Bundan başqa, oktyabrda istifadəyə verilən və Avropa ilə Asiya arasında ən qısa dəmir yolu əlaqəsini təmin edən Bakı-Tbilisi-Qars dəmir yolu, habelə Bakı beynəlxalq dəniz ticarət limanı Çinin "Bir kəmər, bir yol" strategiyasının həyata keçməsində əhəmiyyətli rola malikdir.

Oxunma sayı: 11352

Oxşar yazılar