“Məzənnə fərqinin 92%-dən çoxunu dövlət ödəyəcək” - Əkrəm Həsənov

  • 28 Fev - 2019
“Prezident İlham Əliyev “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərman imzalamaqla böyük və humanist addım atdı və bir daha təsdiqlədi ki, dövlət vətəndaşımızın arxasındadır”. Bunu bank üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov deyib. Onun sözlərinə görə, ediləcək güzəştlər gözləniləndən xeyli artıq olacaq: “Güzəştlər bir şəxsin banklar və bank olmayan kredit təşkilatları qarşısında 2015-ci il fevralın 21-nə və (və ya) dekabrın 21-nə olan 10 000 dollaradək olan əsas borcunu əhatə edir (bir neçə kredit də ola bilər, amma cəmi məbləğ 10 000 dollardan çox olmamalıdır). Dövlət 3 ay ərzində 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə hər 1 dolların 0,15 dollarını (0,25 manat), 2015-ci il dekabrın 21-nə mövcud olan əsas kredit borcuna münasibətdə isə hər 1 dolların 0,35 dollarını (0,6 manat) banka ödəyəcək. Vətəndaş borcunu artıq özü ödəyibsə, müvafiq fərq vətəndaşa qaytarılacaq”. Ə.Həsənov fikirlərini konkret misallarla davam etdirib: “Tutaq ki, vətəndaşın 2015-ci ilin fevralın 21-nə 10 000 dollar borcu var. Devalvasiyayadək olan məzənnə ilə bu, 7800 manat edir, indi isə 17 000 manat. Dövlət 8500 manat ödəyəcək, vətəndaş da cəmi 8500 manat ödəyəcək. Beləliklə, məzənnə fərqinin 92,4%-ni dövlət, 7,6%-ni isə vətəndaş ödəyəcək. Deməli, 10 000 dolların yarısını dövlət qaytaracaq. Və yaxud, tutaq ki, vətəndaşın 2015-ci ilin dekabrın 21-nə 10 000 dollar borcu var (krediti 21 fevraldan sonra götürüb). Devalvasiyayadək olan məzənnə ilə bu 10 500 manatdır. İndi isə 17 000 manat. Dövlət 6000 manat ödəyəcək, vətəndaş da cəmi 1100 manat ödəyəcək. Beləliklə, məzənnə fərqinin 92,3%-ni dövlət, 7,7%-ni isə vətəndaş ödəyəcək. Deməli, dövlət 10 000 dolların 3530 dollar hissəsini qaytaracaq”. Ekspert qeyd edib ki, Maliyyə Bazarlarına Nəzarət Palatası ilə Mərkəzi Bank Prezidentlə razılaşdırmaqla 15 gün müddətində həm yuxarıda qeyd edilənlərin mexanizmini, həm də hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən etməlidir: “Yəni faiz və dəbbə pulu üzrə də güzəşt olacaq. Kredit təşkilatlarına tövsiyə edilir ki, sözügedən şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər, bir ay müddətində həmin kreditlərə hesablanmış faizləri silsinlər və məhkəmədə olan işləri geri çağırsınlar, habelə borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. Ümid edirəm ki, kredit təşkilatları belə də edəcək”. ONA

Oxşar yazılar