Ötən il 379 min fermerə subsidiya verilib

  • 22:04 - 26 Fevral
Ötən il Azərbaycanda 379 min fermerə subsidiya verilib. Bunu Azərtac-a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov bildirib. Onun sözlərinə görə, bu fermerlərin cəmi 4 faizinin torpaq sahəsi 10 hektardan çoxdur. Subsidiya alan fermerlərin 96 faizinin sahəsi isə 0,5-10 hektardır. “Aqrolizinq” xətti ilə ötən illərdə ölkəyə 40 mindən çox kənd təsərrüfatı texnikasının, 38 mindən artıq damazlıq heyvanın gətirildiyini bildirən V.Hüseynov qeyd edib ki, kənd təsərrüfatı texnikasının satış bazarı liberallaşdırılıb: “Artıq texnika satışında tətbiq edilən güzəştlər bütün təchizatçı şirkətlərə şamil olunur. Dövlət fermerlərə satılan texnikanın 40 faizini subsidiyalaşdırır. Damazlıq heyvanlara görə verilən subsidiya 50 faizdən 60 faizə qaldırılıb. Fermerlərə verilən gübrənin qiymətinin 70 faizini dövlət ödəyir. Kənd təsərrüfatı bütünlüklə vergilərdən azad edilib. Dövlət daim kiçik və orta fermerlərin yanındadır. Bununla yanaşı, aqrar sahənin inkişafı üçün aqroparkların yaradılması da vacibdir. Dövlət böyük kənd təsərrüfatı müəssisələrinin yaradılmasını dəstəkləyir”. Qeyd edək ki, dövlətin aqrar sahəyə göstərdiyi dəstək sayəsində bu sektorda 2017-ci ildə 4,2 faiz, 2018-ci ildə isə 4,6 faiz artım qeydə alınıb. Ötən il bitkiçilik məhsullarının istehsalı üzrə 6,8 faiz, heyvandarlıq üzrə isə 2,7 faiz artım olub.

Oxunma sayı: 10142

Oxşar yazılar