Cüdo üzrə ənənəvi beynəlxalq turnir keçirilib

  • 20:55 - 25 Fevral
Gənclər və İdman Nazirliyinin, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə Bakı İdman Sarayında iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun xatirəsinə həsr olunmuş cüdo üzrə XXXIX beynəlxalq turnir keçirilib. BŞGİBİ-dən Avropa.info-ya bildiriblər ki, yarışdan əvvəl tədbir iştirakçıları Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar. Cəsur sərkərdə Həzi Aslanovun abidəsi önünə də tər çiçəklər düzülüb. Əvvəlcə general-mayor Həzi Asilanovun şərəfli ömür yolundan bəhs edən sənədli film nümayiş olunub. Yarışın açılış mərasimində Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov, məşhur sərkərdənin nəvəsi, polis general-mayoru Həzi Aslanov, Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlı çıxışlarında Azərbaycanda idmanın inkişafına göstərilən yüksək diqqət və qayğı nəticəsində ölkəmizin dünyada idman dövləti kimi tanındığını vurğulayıblar. Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsindən sonra turnir açıq elan olunub. Turnirdə Azərbaycan idmançıları ilə yanaşı, Türkiyə, Gürcüstan, Ukrayna, Rusiya, Qazaxıstan və Özbəkistan cüdoçuları da mübarizə aparıblar. Komanda hesabında Azərbaycan birinci, Özbəkistan ikinci, Ukrayna üçüncü yeri tutub. Qaliblərə medal, diplom və xatirə hədiyyələri, həmçinin general-mayor Həzi Aslanov xatirə medalı da təqdim olunub.

Oxunma sayı: 5973

Oxşar yazılar