Prezidentin siyasətdə uğur modeli: İlham Əliyev xalqla birbaşa təmasa girir – Bizim şərh (Fotolar)

  • 16:10 - 07 Fevral
Prezident İlham Əliyev xalqla birbaşa təmasa girir. Xalqın ən müxtəlif təbəqələri ilə görüşür və ictimai rəydəki narazılıqları aradan qaldırır. Son belə gedişlərdən biri ölkə başçısının Nazirlər Kabinetinin “Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında” qərarının ləğv edilməsi oldu. Şəhid ailələri ilə görüşdə onların problemini həll edən ölkə rəhbəri bununla da kifayətlənmədi. Fevralın 7-də Prezident İlham Əliyev zəlzələnin baş verdiyi Şamaxıya səfər etdi. Prezident zəlzələdən zərər çəkən tikililərə baxaraq, sakinlərlə söhbət etdi və mövcud problemləri yerindəcə həll etdi. Prezident İlham Əliyev problemlərin həllini şəxsən öz üzərinə götürməklə, məmurların yol verdiyi nöqsanlara göz yummayacağını nümayiş etdirdi. Əslində, İlham Əliyev xarici siyasət kursunda da özünün əsas söz sahibi olduğunu göstərdi. Davosda keçirilən tədbir çərçivəsində xarici telekanallara müsahibə verən dövlət başçısı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) Azərbaycanın üzv olacağı barədə deyilənləri təkzib etdi, bu istiqamətdə düşünmədiyini dilə gətirdi və beləliklə, KTMT ilə bağlı aparılan manipulyasiyalara son qoymuş oldu. Son günlər etdiyi gedişlərlə dövlət başçısı tamamilə yeni idarəetmə modelinə söykəndiyini açıqlamış oldu. İstər xarici siyasətlə bağlı fəaliyyətdə, istərsə də daxili idarəetmədə Prezident İlham Əliyev sadə vətəndaşlara söykənir. Milyonlarla insanın sərvətini talayıb, özlərini təhqir edənlərə qarşı ən sərt mübarizəni elə ölkə rəhbəri özü aparır. Prezident İlham Əliyev ciddi islahatlara başlayır və bu məsələdə onun dayağı məmurlar deyil, sadə insanlardır. İlham Əliyev “Mən bütün azərbaycanlıların prezidentiyəm” şüarını gerçəyə çevirir. Bölgədə uzanan sosial-iqtisadi böhran fonunda Azərbaycanı kataklizmlərdən qorumaq üçün Prezident İlham Əliyev hakim partiyanın və məmurlar ordusunun yardımından daha çox, sosial şəbəkələrdə və mətbuatdakı rəyləri nəzərə alır və son sözü özü deyir. Əslində, 2015-ci ilin martında manatın devalvasiyası ilə başlayan böhran yeni situasiya formalaşdırırdı və cəmiyyətin öz sosial-iqtisadi və siyasi hüquqları uğrunda mübarizədə fəallaşmasına şərait yaradırdı. İnsanlar konkret addımlar atılmasını gözləyirlər və bir sıra hallarda məmurlar öz missiyalarını həyata keçirə bilmirlər və odur ki, Prezident problemləri özü həll edir. İlham Əliyev inzibati metodlardan istifadə etmək istəmir. Prezident bilir ki, hakimiyyətin təbliğat vasitələri bəzi məqamlarda sosial şəbəkələrə uduzur və odur ki, sosial şəbəkələrdəki əsaslı tənqidlərə şəxsən reaksiya verir və bununla da “söyüş müxalifəti”nin manipulyasiya imkanlarını əlindən alır. İlham Əliyev hakimiyyətin transformasiyasını təmin edir və gündəmi özü müəyyən edir. İdarəetmədəki yeni paradiqmalar isə məmur orudusunun maraqlarına cavab vermir. Sabotaj fikrinə düşən bəzi məmurların isə aqibəti ağır ola bilər, bunu prezident hər çıxışında vurğulayır. İlham Əliyev siyasətdə uğur modeli olan "qapıdan qapıya" kursunu seçir. Gündəmi özü müəyyən edir və müzakirələr onun atdığı addımlar ətrafında gedir. Tənqid və ya təbliğin önəmi böyük deyil. Gündəmi kim müəyyən edirsə, o da qalib gəlir. Bu baxımdan, Prezident İlham Əliyev uğurlu gedişləri ilə Qərb dairələrinin də diqqətini çəkir. Adı siyasi məhbus kimi hallananları əfv edir, sosial narazılığa səbəb olan qərarların ləğvini reallaşdırır və sadə vətəndaşların istəklərini əsas götürərək, ictimai rəyi nəzərə aldığını nümayiş etdirir. Nə bəzi beynəlxalq dairələrin təzyiqi, nə də ki “söyüş müxalifəti”nin təhqirləri ona mane ola bilmir. İlham Əliyev hakimiyyəti transformasiya etməklə yeni situasiyanın liderinə çevrilir. Müxalifətin sözdə bəyan etdiyini İlham Əliyev əməldə həyata keçirir və bir daha nümayiş etdirir ki, komandasını tam dəyişsə belə, sadə vətəndaşın rəğbəti onun yanında olacaq. Hökumət qarşısında dayanan ən vacib məsələ neft bumundan sonrakı dövrə daha çevik və mobil idarəetmə strukturları formalaşdırmaqdır. Belə islahatlar bir sıra problemləri də meydana çıxarır. Bu baxımdan, struktur islahatının davamı və bir neçə nazirlik və dövlət komitəsi ləğv ediləcəyi qaçılmaz görünür. Artıq indidən qəti şəkildə ehtimal edə bilərik ki, vətəndaşların problemlərini yerindəcə həll etmək istəməyən məmurlar ən ciddi şəkildə cəzalandırılacaq. Unutmaq olmaz ki, yerlərdə keçirilən heç bir aksiyada ölkə rəhbərindən narazılıq ifadə edilmir. Prezidentin qərarlarını sabotaj edənlər bəzi məmurlardır. Bu məsələdə vətəndaş cəmiyyəti də eyni düşüncəyə malikdir. Bir sözlə, Azərbaycanda gözlənilən ciddi islahat dalğasına sosial sifariş yaranıb. İlham Əliyev bu islahatların lideri kimi özünün əsas komandasından – sadə vətəndaşlardan yardım göstərir. Yerlərdə keçirdiyi görüşlərdə Prezident Əliyev son dərəcə mühüm mesajlar verir və bununla da bəzi harınlamış məmurlara qarşı savaş açdığını bildirir. İlham Əliyev bu savaşda sadə insanların dəstəyinə ümid edir və müşahidələr onu deməyə əsas verir ki, vətəndaşların dəstəyi onların problemini edən ölkə başçısına olacaq... Avropa.info-nun ekspert qrupu

Oxunma sayı: 5786

Oxşar yazılar