Ermənilərin qabağını ala bilmirik – Rektordan acı etiraf

  • 11:34 - 05 Fevral

Balabanın təbliğatı ilə Azərbaycan Milli Konservatoriyası məşğul olur və Konservatoriya yaranana qədər bu sahədə ali təhsil ümumiyyətlə olmayıb. 

Bu sözləri Kult.az-a Ermənistanda balaban istehsalı zavodunun fəaliyyəti və bu zavodun balabanı erməni milli musiqi aləti kimi dünyada satışını həyata keçirməsinə münasibət bildirən Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi deyib. 

O bildirib ki, ermənilər digər xalqların mədəniyyətini mənimsəyərək, öz mədəniyyətlərini guya yaradıb: 

“Konservatoriyada çalışmağa başlayanda Xalq çalğı alətləri kafedrasında balabanın da tədrisini həyata keçirdim. Amma ermənilər bunu bizdən 20-30 il əvvəl ediblər. Bəlkə də balaban təhsilinin verilməsində ermənilərin əli var. Buna qədər bizdə bu təhsil olmayıb. Erməni mədəniyyəti içində yaşadığı xalqların mədəniyyəti əsasında formalaşır. Bizim milli musiqi alətimizə heykəl qoyublar, hətta bu gün bunun istehsalı ilə məşğul olurlar. Bu, bizi çox incidir, amma onların bu əməllərinin qarşısını ala bilmirik. Onlar sabah da başqa milli musiqi alətlərimizi istehsal edəcəklər. 

Bu gün bizim Milli Musiqinin Tədqiqi, Milli Musiqi Alətlərinin Təkmilləşdirilməsi laboratoriyamız var. Artıq bir ildir ki, ali məktəblərin elmi laboratoriyasının maliyyələşdirilməsi dayandırıldığı üçün bizim laboratoriyaların da maliyyələşməsi dayandırılıb. Biz bu gün öz gücümüzə fəaliyyət göstəririk”. 

Bakı Musiqi Akademiyasında “Şifahi ənənəli Azərbaycan musiqisi və onun yeni istiqamətlərinin tədqiqi” elmi laboratoriyasının rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə isə bildirib ki, akademiyada Azərbaycan xalq mahnılarına və rəqslərinə qarşı erməni saxtakarlığının qarşısının alınması ilə bağlı kampaniya başlanılıb: 

“Bununla bağlı seminarlar da keçirdik, həmçinin, mətbuatda professor Arif Əsədullayevin məqaləsi çıxdı, bundan başqa Müəllif Hüquqları Agentliyinə də müraciət etmişik. Biz elmi laboratoriyada böyük işlər aparmışıq. Amma cəmiyyətin susqunluğu və biganəliyi nəticəsində ermənilər bizim milli musiqi alətlərimizi, mahnılarımızı özünküləşdirir. Azərbaycana qarşı bu kampaniya çoxdan başlayıb. Lazımi reaksiyanı isə hələ o zamandan vermək lazım idi. Elmi laboratoriyamız 1992-ci ildən fəaliyyət göstərir və burada çalışanlar illərdir ki, çox böyük işlər görüblər. Bu sahədə albomlar buraxıb, elmi məqalələr yazıblar”. 

Qeyd edək ki, bir müddətdir Ermənistanda balaban istehsalı zavodu fəaliyyətə başlayıb. Belə ki, "Vamelo" adlı şirkət xüsusi qablaşdırmada balabanın Avropada geniş təbliğatını aparır və dünyaya "duduk"un, yəni balaban alətinin Ermənistana məxsus olduğunu iddia edir.


Oxunma sayı: 22968

Oxşar yazılar