Bu gün Azərbaycanda gənclər günüdür

  • 02 Fev - 2019
Bu gün Azərbaycanda gənclər günüdür. Avropa.info-nun məlumatına görə,1997-ci ildən 2 fevral Azərbaycanda gənclər günü kimi qeyd olunur. Azərbaycanda yaşı 14-dən 29-a qədər olan əhali kateqoriyası gənc sayılır. 1996-cı ilin 2 fevral tarixində məhz ümummilli lider Heydər Əliyevin dəstəyi ilə gənclərin 1-ci forumu keçirilidi. 1997-ci ildən isə Prezident sərəncamı ilə 2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunmağa başlandı. Prezident İlham Əliyev 2005-ci il avqustun 30-da "Azərbaycan Gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) təsdiq edilməsi haqqında" sərəncam imzaladı. Proqram çərçivəsində görülən işlər gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi yönündə ciddi irəliləyişə gətirib çıxardı. Prezident İlham Əliyevin bu sahəyə olan diqqəti özünü ayrıca bir ilin (2007-ci il) "Gənclər ili" elan edilməsində də göstərdi. 2007-ci ildə Prezident İlham Əliyev "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi barədə sərəncam imzaladı. Bundan başqa, 2011-ci ilin 6 aprel tarixində Prezident İlham Əliyev "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı haqqında sərəncam imzaladı. Proqramın əsas məqsədi ölkəmizdə gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin menecment sahəsində fəal iştirakına şərait yaratmaq, gənc mütəxəssislərin işlə təminatı və digər sosial-iqtisadi problemlərinin həllini təmin etmək oldu. Gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında fəal iştirakını bir qədər də stimullaşdırmaq məqsədilə dövlət başçısı 19 dekabr 2011-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması barədə sərəncam verdi. Fondun qarşısında gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş ictimai və sosial əhəmiyyətli, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində maliyyələşdirmək məqsədi qoyuldu. Prezident İlham Əliyevin gənclərə dəstək yönündə verdiyi mühüm və əlamətdar qərarlardan biri də ölkədə ilk dəfə "Gənclər üçün Prezident Mükafatı"nın təsis edilməsi oldu.

Oxşar yazılar