İlham Əliyev Şirinov qardaşlarını Ukraynadakı qəhrəmanlıqlarına görə mükafatlandırdı - Yenilənib

  • 19:38 - 01 Fevral
Fevralın 1-də Bakı Konqres Mərkəzində Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ukraynada yaşayan soydaşlarımız Umud və Sabir Şirinov qardaşları ilə görüşüblər. Avropa.info AZƏRTAC-a istinadən xəbər verir ki, dövlət başçısı həyatları təhlükəyə məruz qalan insanların xilası zamanı göstərdikləri şəxsi şücaətə görə onları “İgidliyə görə” medalı ilə təltif edib. Şirinov qardaşlarını salamlayan Prezident İlham Əliyev deyib: - Vətənə xoş gəlmisiniz. Sizi təbrik edirəm. Çox böyük şücaət göstərmisiniz. Köməksiz vəziyyətdə olan insanları xilas etmisiniz. Öz həyatınızı risk altına salmısınız. Bu, doğrudan da çox böyük əks-səda doğurub. Əlbəttə ki, sizin bu qəhrəmanlığınız Azərbaycan xalqı haqqında daha da dolğun təsəvvür yaradılmasına xidmət göstərir. Doğrudan da xalqımızı ləyaqətlə təmsil etmisiniz. Mən sizi dəvət etdim və sizi dövlət mükafatı ilə - “İgidliyə görə” medalı ilə təltif edirəm. Sonra Prezident İlham Əliyev medalları təqdim edib. Daha sonra Şirinov qardaşları hadisə barədə danışıblar. Umud Şirinov deyib: -Biz işdən qayıdırdıq, yolda yük maşınının qoşqusu aşmışdı, amma elə bildik ki, yolu tutmayıb. Yaxınlaşanda gördük ki, artıq gecdir, yol təmiz tutulmuşdu. Biz birtəhər keçdik, az qala özümüz də qəzaya düşmüşdük. Biz yanan “KİA” maşınını görməmişdik. Biz avtomobilimizi saxlayıb buraya yığılmış adamlara iradımızı bildirdik ki, niyə xəbərdaredici nişan qoymamısınız. Heç yarım dəqiqə keçməmişdi ki, mən uşaq səsi eşitdim. Yolun kənarı çox çökəklik idi, görünmürdü. Uşaq səsi eşidəndə baxıb gördüm ki, bir maşın yanır, səs də oradan gəlir. Artıq salon təmiz yanmışdı. Dedim bəs niyə dayanmısınız? Dedilər ki, qapıları aça bilmədik, maşına baxdıq, qazla işləyir, qaz balonu var, partlaya bilər, cəhd edə bilmədik, məsləhət görmürük. Biz də qapını aça bilmədik, sonradan sürücü özü bizə dedi ki, uşağa görə qapıların mərkəzi qıfılını bağlayıbmış. Biz maşının qapılarını heç cür aça bilmədik. Gördük maşın təmiz yanır. Uşağın atası və anası yıxılı vəziyyətdə idi. Üç yaşlı uşaq qışqırırdı. Biz avtomobilin yük yerinin qapısını qırdıq, uşağı və anasını çıxardıq. Biz tələsir, ehtiyat edirdik ki, qaz balonu partlaya bilər. Mən uşağı çıxaranda kömək istədim. Yolda 25-30 nəfər dayanmışdı. Kömək istədim, heç kim yaxın durmadı. Mən qardaşıma dedim ki, bizim də övladımız var, indicə balon partlayacaq. Alovun ona çatmasına bir qarış qalıb. Sürücü komada idi, tərpənmirdi, oturacaqların arasında sıxılmış vəziyyətdə qalmışdı. Biz oturacaqları qırdıq. Sağ olsun qardaşım, dedi ki, gəl risk edək, onu da çıxaraq. Qadın yalvarırdı ki, ərini də çıxaraq. Uşaq da deyirdi ki, xahiş edirəm atamı da xilas edin. Artıq biz özümüz haqqında düşünmürdük, həyatımızı riskə qoyub kişini də çıxardıq. Bundan dəqiqə yarım sonra qaz balonu partladı. Prezident İlham Əliyev: Siz doğrudan da qəhrəmanlıq göstərmisiniz. Mən bunu eşidəndə dedim ki, mütləq sizi dəvət etsinlər, görüşək, mən sizi “İgidliyə görə” medalı ilə təltif edim. Şirinov qardaşları: Çox sağ olun, cənab Prezident. Prezident İlham Əliyev: Sizin kimi gənclər bizim fəxrimizdir. Şirinov qardaşları: Siz də bizim fəxrimizsiniz. Sonda xatirə şəkli çəkdirilib. **** Prezident İlham Əliyev Ukraynada bir ailəni yanan avtomobildən xilas edən Şirinov qardaşlarını mükafatlandırıb. Avropa.info xəbər verir ki, Prezident tərəfindən fevral ayının 1-də imzalanan sərəncamla Sabir Adil oğlu Şirinov və Umud Adil oğlu Şirinov “İgidliyə görə” medalı ilə təltif ediliblər. Şirinov qardaşları həyatları təhlükəyə məruz qalmış insanların xilası zamanı göstərdikləri şəxsi şücaətə görə mükafatlandırılıblar. Xatırladaq ki, Ukraynada yaşayan azərbaycanlı qardaşlar yanvarın 19-da Nikolayev şəhəri ətrafında hərəkət edərkən yolun kənarında çevrilmiş və artıq yanmağa başlayan bir avtomobil görüblər. Maşının içindən körpə səsi gəlirmiş. Qardaşlar içəridə sıxışıb qalanları çıxarmaq üçün ətrafdakı insanlara müraciət edirlər. Lakin kimsə həyatını riskə atmaq istəmir. O zaman Sabir və Ümid özləri maşındakıları qurtarmağa girişirlər. Yan şüşələri sındırıb içəridəkiləri çıxarmaq cəhdi uğursuz olduqda, baqaj tərəfdən salona daxil olurlar. Ana və körpəni xilas edirlər. Bu zaman maşın daha bərk yanmağa başlayır. Ətrafdakılar qışqırıb onları uzaqlaşmağa çağırırlar. Lakin qardaşlar ön oturacağı sındıraraq ailə başçısını da çıxara bilirlər. Bir-iki dəqiqədən sonra isə maşın partlayır. Sabir və Ümid bundan sonra həmin ailəni xəstəxanaya aparan təcili yardımı müşayiət edirlər və ailəyə maddi yardım da göstərirlər. Ailə hazırda xəstəxanada müalicə olunur. Sabir və Ümid Şirinovlar ailəlidirlər, hər birinin iki uşağı var. Onlar Ukrayna Azərbaycanlıları Konqresinin Nikolayev vilayətindəki üzvləridir. Onlar bu qəhrəmanlıqlarına görə indiyə kimi müxtəlif medallarla təltif olunublar.

Oxunma sayı: 4059

Oxşar yazılar