Əli Kərimlinin səhvi və İlqar Məmmədovun yanılması – Eynulla Fətullayevin yazısı

  • 12:32 - 01 Fevral
19 yanvar mitinqindən sonra müxalifətin maniakal eyforiya dövrü çox sürmədi. Uzun 15 illik fasilədən sonra ilk dəfə Yeltsin, Brazauskas, Qamsaxurdiya, Elçibəy dövrünün azərbaycanlı siyasətçiləri öz bayraqları altına sərt müxalifət illərinə adaptasiya olunmuş, adət etdiyimiz dayanıqlı, lakin dəyişməz sosial bazadan bir neçə min nəfər artıq tərəfdar toplaya bildilər. Azərbaycan müxalifəti daim şüurlu olaraq iki siyasi kateqoriyanı dəyişik salıb: sosial baza və etirazçı elektorat. Şübhəsiz ki, istənilən fikir müxtəlifliyi olan siyasi sistemdə, o cümlədən Azərbaycanda, əhalinin müəyyən qismi hökumətin siyasətindən narazı ola bilər. Lakin bu, heç də o demək deyil ki, əhalinin həmin təbəqəsi səsini müxalifətə verəcək. Etirazçı elektorat – ölkənin seçki hüququ olan korpusunun tərəddüd edən, bədbin əhval-ruhiyyəli hissəsidir və o, öz təsəvvüründə pislə daha pis arasında seçim edir. Milli demokratların, ilk növbədə Etibar Məmmədovun partiyasının, daha sonra isə Müsavatın, hazırda AXCP-nin əsas ideoloji xətası ondan ibarətdir ki, bu siyasi qüvvələr etirazçı elektoratı özünün dayanıqlı sosial bazası kimi görür və bunu etməkdə davam edirlər. Odur ki, 19 yanvar mitinqi ərəfəsində müxalifətin etirazçı elektorat arasında populyar olan şüarları səsləndirməsi "Məhsul" meydanına bütün digər etiraz aksiyalarından bir neçə min nəfər daha çox iştirakçı toplamağa imkan verdi. Müxalifət qarşısıalınmaz illüzor eyforiya vəziyyətinə düşdü. Ona elə gəldi ki, nəhayət, ayağa dura bilib, ruh yüksəkliyi yaranıb, ictimaiyyətin geniş təbəqələrini, başqa sözlə, etirazçı elektoratı yeni mübarizəyə qaldıra bilib. “Xalq yenidən siyasətdədir. Buna parlaq nümunə bizim 19 yanvar mitinqimizdir”, - mitinqdən sonrakı hər çıxışında Əli Kərimli bu ifadəni durmadan təkrarlayırdı. Və 19 yanvardakı yalançı uğurdan cuşa gəlmiş müxalifət şəbəkədə geniş təşviqat apararaq, hakimiyyətə Novxanı qəsəbəsində bundan heç də az miqyaslı olmayan etiraz aksiyası ilə hədə-qorxu gəldi. Hər ilin yanvar ayının 31-də - birinci Respublikanın qurucusu Məhəmməd Əmin Rəsulzadənin ad günündə müxalifət partiyaları öz tərəfdarlarını Respublikanın ilk rəhbərinin abidəsi önünə toplayırlar. Müxalifət bu dəfə də hakimiyyəti, eyni zamanda dünya ictimaiyyətini təəccübləndirməyə söz verərək, nədənsə Venesueladakı hadisələrlə paralellər aparırdı. Elə həmin paralellərlə də müxalifət ideoloqları növbəti dəfə ekspert cəmiyyətini şok vəziyyətinə saldılar. Axı ağlı başında, analitik qabiliyyəti olan hansı adam Azərbaycandakı vəziyyəti uzaq Karakasdakı inqilabi hərəkatla müqayisə edə bilər?! Birincisi, artıq neçə illərdir ki, Venesuelada milyonlarla adamın toplaşdığı fasiləsiz mitinqlər keçirilir. İkincisi, bu Latın Amerikası ölkəsində müxalifət son parlament seçkilərində iqtidarda olan kommunist partiyasını darmadağın edib. Və hazırda “de-yure” hakimiyyətin qanunverici qoluna nəzarət edir. Üçüncüsü, bütün məhkəmə hakimiyyəti prezidentə qarşı çıxıb... Başqa sözlə, hətta minimal analitik qabiliyyətə malik orta səviyyəli ekspert də vəziyyətin inkişafının təklif edilən ssenarisini ciddi şəkildə şərh etməyə girişməzdi və Bakıda Venesuela variantının təkrarlanması kimi absurd nəzəriyyə ilə çıxış edən Əli Kərimli və onun tərəfdarlarını üzündə istehza ifadəsi ilə dinləyərdi. Əli Kərimli və İlqar Məmmədov. İlk və son görüş Yeri gəlmişkən, 19 yanvar mitinqindən sonra qapını möhkəm çırpmış yeni liberal lider İlqar Məmmədov da belə etdi. İ.Məmmədov öz tərəfdarlarına lakonik mesaj yolladı: “Yeni mitinqlərin vaxtı yetişəndə mən sizə deyəcəyəm”. Azsaylı liberal qrupun liderinin versiyasına görə, bu dövr yeni seçki tsiklindən sonra yetişəcək. 2020-ci ildən tez deyil. İlqar Məmmədov hər hansı bir yolla seçkilərdə potensial etirazçı elektoratın heç olmasa bir hissəsini öz tərəfinə çəkməyə ümid edirsə, Əli Kərimli seçki prosesi perspektivini rədd edir. Milli demokratların lideri siyasi qarşıdurmalarda daha təcrübəlidir. Şəxsi təcrübəsindən gözəl bilir ki, seçkilərdən sonra meydana yalnız sosial bazanı çıxarmaq mümkün olacaq. Azərbaycan siyasətinin daha bir qəribəliyi – etirazçı elektorat həddən artıq bivec, ləng və barrikadalarda fəal mübarizəyə hazırlıqsızdır. Bu, həmişə belə olub. Ayaz Mütəllibovu devirəndə də. Bir il sonra – 1993-cü ilin iyun hadisələri vaxtı da. Axı heç kim tarixi yaddaşı ləğv etməyib – martın 5-dən 6-na keçən gecə Azərbaycanın mühasirəyə alınmış parlamentinin önünə Ayaz Mütəllibovun istefasını tələb edən kiçik insan kütləsi toplaşmışdı. Bu, etirazçı elektorat deyil, cəbhəçilərin dayanıqlı sosial bazası idi. Təəssüf, o zamankı prezidentin paytaxtın mərkəzi prospektində tonqalların ətrafına yığışmış kisik aqressiv kütləni dağıtmağa cəsarəti çatmadı. Əli Kərimlinin başqa mübarizə metodları yoxdur. O, 2000-ci ildəki seçkiləri biabırcasına uduzdu və hakimiyyət seçki yeşiklərindən ələbaxımlı Xalq Cəbhəsi Partiyasını az qala qulağından dartaraq çıxardı. 2003-cü ildə də məğlubiyyət baş verdi, belə ki, ziddiyyətlər burulğanında qalmış Kərimli iqtidar partiyasından daha çox müxalifətdən olan rəqibinə - İ.Qəmbərə qarşı mübarizə aparırdı və ümidlərini məğlubiyyətə düçar Etibar Məmmədova bağlamışdı. Sonrakı bütün parlament və prezident seçkilərini isə Kərimli boykot edib. Spesifik Azərbaycan siyasətinə xas əsas xüsusiyyəti – etirazçı elektoratın ləngliyini və zəruri anda müxalifətin fəal sosial bazasına çevrilməyə hazır olmamasını dərk edən Ə.Kərimli seçkilər olmayan dövrdə sosial bazasını etirazçı elektoratın hesabına genişləndirməyə ümid bəsləyirdi və bu, məhkum olunmuş ümid idi. O, hələ də bulka növbəsində yaranan inqilab qığılcımı effektinə ümid bağlamaqda davam edir. Onun dəyişikliklər üçün başqa bir imkanı və ümidi yoxdur. Bu dəfə Əli Kərimlidə alınmadı Yanvarın 20-də - düz ertəsi gün sosial şəbəkələrdə Ə.Kərimlinin yeni, qalib obrazı qarşımıza çıxdı. Ona elə gəlirdi ki, uzun onilliklər ərzində gözlənilən lap yaxındadır – etirazçı elektorat sosial bazaya birləşir. Azərbaycan müxalifətinin başlıca yanlışı nədədir? Ölkədəki vəziyyətin düzgün analiz edilməməsində və qiymətləndirilməməsində. Və bunun nəticəsi olaraq, yanlış nəticə çıxarmaqda. Bu dəfə də cəbhəçilərin lideri vəziyyəti düzgün qiymətləndirmədi. Yanvarın 31-də Novxanı qəsəbəsində məyus siyasətçinin çiyinləri arxasında miskin, üzü qırxılmamış marginallar dəstəsi göründü. Bunlar AXCP-nin bütün mitinqlərinin tanış, ştatlı iştirakçıları idi. Ə.Kərimlinin iddiaları və çevik olmaması ona daha rasional qərar verərək, bir neçə saat öncə elə bu meydana toplaşmış “Müsavat”ın mitinqinə qoşulmağa, və ya həmin mitinqlə birləşməyə imkan vermədi. “Müsavat” da hardasa 50-100 tərəfdar toplamışdı. Beləliklə, Kərimli Bakının o qədər də böyük olmayan qəsəbəsinin dar küçələrində çox sevdiyi 3D effekti – müxalifət tərəfdarlarının çoxsaylı mitinqlərinin gözəl mənzərəsini yarada bilərdi. Ona xas eqosentrizm və özünə vurğunluq hissi mane oldu. Nəticəsi nədir? Tam iflas. İlqar Məmmədov isə Qəmbər və Kərimlidən daha düşüncəli çıxdı. O, öz qrupunu 2020-ci ilin parlament seçkilərinə qədər mitinq siyasətindən çəkinməyə çağırdı. Ən maraqlısı odur ki, dünənki etiraz aksiyasından dərhal sonra müxalifət carçıları Venesuela ilə paralellər aparmaqdan vaz keçdilər və uğurlu inqilabi mübarizə perspektivi onlar üçün əvvəlkitək uzaq və ilğamvari oldu. Beləliklə, etirazçı qüvvələrin siyasi fəallığının yeni dalğasından sonra iki əsas nəticəni vurğulamaq olar. Birincisi, müxalifətin dünənki aksiyası Azərbaycan aksiomunu təsdiq etdi – etirazçı elektorat müxalifətin sosial bazasına qoşulmayıb. İkincisi, elektoratın tərəddüd edən hissəsi yenə iqtidar partiyasını dəstəklədi. Əhalinin bu hissəsi öyrəncəli olduğu və oturuşmuş həyat tərzini qeyri-müəyyənliyə dəyişmək istəmir. Onlar üçün sabitlik demokratiyadan və inqilabdan vacibdir. Müxalifət bu dəfə də sistemli sabitliyi laxlatmağa müyəssər ola bilmədi. Və əgər ölkədə “Mehman Hüseynov işi” kimi yeni bir anlaşılmazlıq baş verməzsə, siyasi həyatın fəallaşması yalnız 2020-ci ilin payızında baş verəcək. Ən yaxşı halda...

Oxunma sayı: 7458

Oxşar yazılar