Sabiq erməni deputatın restoranında atışma – 1 ölü, 8 yaralı

  • 11:44 - 29 Yanvar

Ermənistanda parlamentin keçmiş deputatı, cinayət aləmində “Şşi Melo” ləqəbi ilə tanınan Melik Manukyana məxsus “Partez” restoranında baş verən silahlı atışma nəticəsində 1 nəfər ölüb, 8 nəfər isə yaralanıb. 

Avropa.info xəbər verir ki, bu barədə Ermənistanın “Shamshyan.com” kriminal saytı məlumat yayıb. 

Bildirilib ki, silahlı insident ötən axşam Ermənistanın Kotayk əyalətində baş verib. 9 yaralı İrəvan və Abovyan xəstəxanalarına gətirilsə də, onlardan biri keçinib. 

Qeyd olunub ki, hazırda qanlı döyüş meydanını xatırladan restoran ərazisində araşdırma aparan polis və müstəntiqlər atışmada bir neçə növ silahdan, o cümlədən, “Makarov” və “TT” tipli tapançalardan istifadə olunduğunu müəyyən edib. İstintaq davam edir, ölən və yaralananların kimliyi müəyyənləşdirilir. Mənbələrin sözlərinə görə, xəsarət alanların sırasında keçmiş deputatın qohumları da var. 

Xatırladaq ki, “Çarukyan” blokunun üzvü olmuş Melik Manukyan Ermənistan kriminal aləmi, xüsuən də “vor zakon”larla sıx təmaslara malikdir. “Şşi Melo” ləqəbli sabiq deputat onların qanunsuz sifarişlərinin icrası ilə məşğul olub. Lakin sonradan kriminal aləmdə təklənən Manukyan özünə qarşı qəsdlərdən qorunmaq üçün ətrafında çoxsaylı cangüdən ordusu gəzdirməyə başlayıb. 

Bundan əvvəl onun Kotaykdakı zavoduna hücum edilmişdi.  


Oxunma sayı: 8404

Oxşar yazılar