Hüseynqulu Bağırovun Böyük Britaniyadakı milyonluq mülkləri – Yeni faktlar

  • 09 Yan - 2019
Hüseynqulu Bağırovun ailə biznesi ilə bağlı ortaya çıxan yeni sənədlər bir daha bu mövzuya qayıtmağa vadar edir. Avropa.info “yenicağ”a istinadən xəbər verir ki, bu sənədlər Britaniyada SC444402 saylı şəhadətnamə ilə qeydiyyatdan keçən “NORDFIELDS PROPERTIES LIMITED” şirkətinə aiddir. Təkcə bu şirkətin maliyyə hesabatları Hüseynqulu Bağırovun ailə üzvlərinə məxsus biznes imperiyasına aid sərvətlərin miqyasını təsəvvür etməyə imkan verir. Sənədlərdə 2015-ci ilin mayın 7-dən fəaliyyətdə olan bu şirkət vasitəsilə Bağırovlar İngiltərədə daşınmaz əmlak əldə ediblər. Maliyyə hesabatlarında keçmiş nazirin oğlu Lətif Bağırovun, qızı Sevinc Bağırovanın, bacısı Düriyyə Nuriyevanın və Mavritaniya vətəndaşı Vedanund Hauradhurun adı keçir. Sənədlərdə qeyd olunur ki, “NORDFIELDS PROPERTIES LIMITED” şirkəti Latviyada qeydiyyatdan keçmiş “Nordfields Investments LLC”nin törəmə şirkətidir. Təqdim olunan maliyyə hesabatları 2015, 2016 və 2017-ci illəri əhatə edir. 2017-ci ilin oktyabrın 31-də təqdim olunan maliyyə hesabatlarına görə şirkətin daşınmaz və daşınar əmlakı haqqında məlumatlar yer alır. Qeyd olunur ki, şirkətin həmin tarixdə torpaq və mülklərdən ibarət daşınmaz əmlakının dəyəri 2 milyon 851 min 031 funt sterlinq (təxminən 3 milyon 630 min dollar) təşkil edir. Bundan başqa şirkətə aid maşın və avadanlıqlar (daşınan əmlak) 1 milyon 57 min 840 funt sterlinq (1,35 milyon dollar) göstərilir. Hesabata görə şirkətin ümumi mal varlığı 4 milyon funt sterlinqə yaxın, yaxud 5 milyon dollar civarında olub. 2016-cı ilin maliyyə hesabatında isə şirkətin ümumi mal varlığı (bura pul vəsaitləri, torpaq və mülk daxildir) 5 milyon funt sterlinq (6,36 milyon dollar), təsis edildiyi 2015-ci ildə 4 milyon funt sterlinq (təxminən 5 milyon dollar) təşkil edib. Xatırladaq ki, Bağırovlar ailəsinin təkcə Almaniyada 6,17 milyon avro dəyərində daşınmaz əmlakı var.

Oxunma sayı: 803

Oxşar yazılar