“Xəzər hövzəsi və enerji təhlükəsizliyi” – Rufiz Qonaqovun kitabının təqdimatı oldu

  • 10 Dek - 2018
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rufiz Qonaqovun “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” kitabının təqdimat mərasimi keçirilib. Təqdimat Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinin anımı ilə açıq elan edilib. Kitabın elmi redaktoru və ön sözün müəllifi Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri, tarix elmləri doktoru, professor Əli Həsənovdur. Təbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov müəllif Rufiz Qonaqovu “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” adlı kitabı münasibətilə təbrik edərək tədbir iştirakçılarını salamlayıb. Başlıca prioritetləri Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən olunan və bu gün cənab Prezident İlham Əliyevin praqmatik siyasi iradəsi ilə balanslaşdırılmış Azərbaycanın enerji siyasətinin uğurlarını qeyd edərək “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” kitabının Xəzərin hüquqi statusunun müəyyən olunduğu bir vaxtda ərsəyə gəlməsinin əhəmiyyətindən danışıb. Daha sonra millət vəkili, professor Elman Nəsirov sözügedən elmi-tədqiqat əsəri haqqında çıxış edərək Rufiz Qonaqovun elmi-ictimai mühitdə aktual olan tədqiqat əsərinin əhəmiyyətini vurğulayıb. Milli Məclisin Komitə sədri, Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini Siyavuş Novruzov bu gün enerji təhlükəsizliyinin enerji resurslarının kəmiyyəti qədər vacib əhəmiyyət daşıdığını bildirib. Həmçinin qeyd edib ki, müəllif kitabda dünya enerji təhlükəsizliyi məsələləri ilə bağlı ayrı-ayrı dövlətlərin enerji siyasətini təhlil edib, problemin nəzəri və təcrübi aspektlərinə xüsusi yer ayırıb, dünyada baş verən konfiliktlər kontekstində Xəzərin statusu ilə əlaqədar Xəzəryanı dövlətlər arasında əldə edilmiş konsensusun beynəlxalq hüquqi və politoloji əhəmiyyətini uğurla tədqiq etməklə yanaşı, hövzə dövlətləri arasında Azərbaycanın potensial imkanlarını və onun üstün cəhətlərini sistemli şəkildə müqayisə edib. Milli Məclisin komitəs sədri, akademik Ziyad Səmədzadə isə çıxışında Azərbaycanın XXI əsrdə enerji və enerji təhlükəsizliyi məsələləri istiqamətində ən sabit ölkə olacağını, bu gün prezident İlham Əliyev tərəfindən davam etdirilən böyük layihələrin, həm də regionu sabitlik diyarına çevirəcəyini bildirib. Kitabın daha bir rəyçisi olan fəlsəfə elmləri doktoru, professor Rəna Mirzəzadə çıxış edərək, müasir insan amilinin inkişafında enerji və enerji təhlükəsizliyinin vacibliyindən bəhs edib. Kitabda bu məsələlərə müqayisəli yer ayrıldığını bildirib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisadiyyat üzrə elmlər doktoru Vüsal Qasımlı isə sözügedən əsərin həm də regional əhəmiyyət daşıyacağını bildirərək müəllifə bu istiqamətdə tədqiqatlarını davam etdirməyi arzulayıb. Daha sonra, fəlsəfə elmləri doktoru Rövşən Məmmədov, BP şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli, deputat Pərvin Kərimzadə, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Hüseyn İbrahimov “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” kitabının geniş oxucu, eləcə də ekspertər üçün vacib əhəmiyyət danşımasının aktuallığından söz açaraq bu günə kimi regionda, eləcə də dünyada aktual paradiqma hesab edilən “enerji təhlükəsizliyi”nin təhlili məsələlərinin vacibliyindən bəhs etdilər. Qeyd edək ki, tədbirdə xarici ölkələrin, xüsusilə də Xəzəryanı ölkələrin səfirləri və səfirlik nümayəndələri, deputatlar, ziyalılar, media rəhbərləri də iştirak ediblər. Tədbirin sonunda siyasi elmlər üzrə fəlsəfə doktoru, “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” kitabının müəllifi Rufiz Qonaqov çıxış edərək iştirakçılara dərin minnətdarlığını bildirdi. R.Qonaqov müasir Azərbaycan dövlətinin uğurlu enerji siyasəti ətrafında gələcək tədqiqatların müqayisəli metodlarla sistemləşdirilməsi zərurətindən bəhs edərək, Bakı-Tiflis-Ceyhan neft kəmərindən sonra TANAP, TAP kimi iri layihələrin nəinki regionda, eləcə də dünyada mühim sabitlik mənbəyi olacağını tədbir iştirakçılarının nəzərinə çatdırıb. Müəllif mərhum prezident Heydər Əliyevin sitatını tədbir iştirakçılarının diqqətinə çatdırıb: “Əsrin müqaviləsi ilə qoyduğumuz təməl XXI əsrdə müstəqil Azərbaycan dövləti üçün ən xoş dövr olacaqdır”. Məhz əsrin müqaviləsindən sonra Azərbaycanın beynəlxalq arenada tanınmasını və bir çox beynəlxalq səviyyəli layihələrə ölkəmizin qoşulması zəruridir. Bu davamlı inkişaf siyasəti İlham Əliyev tərəfindən uğurla davam etdirilir”. R.Qonaqov Azərbaycanın təkcə tranzit ölkə deyil, həm də enerji mənbələri ilə zəngin olan bir ölkə olduğunu vurğulayıb. Cebhe.info

Oxşar yazılar