“Mən ermənilərin qisasını almağa göndərilmişəm” – Quba qırğınları  zamanı xalqa divan tutan azğın daşnak erməni Amazasp belə deyirdi

  • 18 İyl - 2018
Qərəzli və işğalçı prinsiplər üzərində qurulan bir dövlətin- Ermənistanın azərbaycanlılara qarşı apardıqları məzalimlər, reallaşdırılan silsiləli soyqırımlar müntəzəm olaraq yerli və beynəlxalq ictimaiyyətin gündəmində olmalıdır ki, “Heç nə unudulmasın, heç nə yaddan çıxmasın!”  1918-ci ilin mart qırğınları zamanı erməni-bolşevik qruplaşmaları Qubada misli görünməmiş qətliamlar həyata keçirdilər. Mərkəzdən- Bakıdan S.Şaumyandan hər cür səlahiyyətlər alan daşnaklar bolşevik adı ilə pərdələnərək, ağlasığmaz vəhşiliklər törətdilər. Hətta qeyri-türk etnoslara da divan tutuldu. Üç mindən çox Quba yəhudisi amansızcasına qətlə yetirildi. Yalnız burada məskunlaşan iki rus kəndinin sakinlərinə toxunulmadı. Azərbaycan Milli Elmlər Akademiyasının araşdırmalarına görə, bu qırğınlarda Amazaspın başçılığı altında iki minlik terroçu daşnak qüvvələri tərəfindən Qubada on altı min insan amansızcasına işgəncələrə məruz qalaraq, qəddarcasına öldürüldü. Lakin bu rəqəm məqsədyönlü şəkildə azaldılaraq, yeddi-səkkiz minə endirilmişdi. Yerli erməni dəstələrindən ibarət birləşmələr də bu etnik təmizləmədə fəal iştirak edirdilər. Qubalıları qırmaq, məhv etmək üçün göndərilən Muradyanın 2000-lik, Gelovaninin 2000-lik, Struanın 1000-lik quldur dəstəsinə qarşı vuruşan, mərdliklə mübarizə aparan, tabe olmayan Qubalılara bu dəfə Amazspın 2000-lik erməni daşnakdan ibarəs cəza dəstəsi göndərilmişdi. Gelovani Qubadan qovulanda xalqı hədələmişdi ki,  tezliklə bura ermənilərin xüsusi təlim görmüş cəza dəstələri gələcəkdir.” Bununla bağlı təhqiqat materiallarında və şahid dindirmələrində ifadələr vardır. Gelovanin hədəsindən on gün sonra Bakıdan top və pulemyotlarla silahlanmış erməni-daşnak ordusu Qubaya gəldi. Yerli qüvvələrə rəhbərlik edən Əli bəy Zizikski gəncləri səfərbər etmək üçün qəzanın bütün kəndlərinə öz adamlarını göndərdi. Dəstə başçılarından biri olan Məhəməd Bakıdan gələn yolun kənarında, Xaçmaza beş verst qalmış pusquda durmuşdu. Ermənilər eşalonu Qızılburunda (Siyəzəndə) saxlamış, özləri isə yol boyu yerli əhaliyə divan tutaraq irəliləyirdilər. Yerli əhali Qubadan Xaçmaza gedən yolun üç verstliyində müdafiə yaratamağa müvəffəq oldu. Ertəsi gün müdafiəçilərə xəbər çatdırıldı ki, təpədən dırnağadək silahlanmış 3 min erməni 7 top və 10 pulemyotla şəhərə hücuma hazırlaşır. Amansız döyüşlər başlayır. Döyüşdə igidliklə həlak olan Məhəmmədin dəstəsindən bir neçə adam sağ qalır və yaralı halda daşnakların əlinə keçir. Onlardan biri tərksilah edilərkən özünü xəncərlə öldürür. Amazasp yaralıları Xaçmaza gətitir və camaatın gözü qarşısında onların başını kəsdirir. Kəsilmiş başları ayaqları ilə dığırladaraq: -“Bütün müsəlmanların başlarını belə vuracağam”-deyə qışqırır. Qəhrəmanlıqla mübarizə aparan yerli camaatın dəyanəti Amazasp kimi bir qaniçəni qızdırmış və xalqı qorxu içində saxlamaq üçün hərzə-hədyanlarla dolu ultumatumlar səsləndirirdi. Yerli əhali erməni daşnaklarına  qarşı əsl mübarizə aparmışdı. Onlar müqavimət göstərmiş, qəhrəmanlıqla döyüşmüş, doğma kəndlərini tərk etməmişdilər. Ona görə də erməni işğalçıları qisas almaq üçün dağıtdıqları kəndlərlə yanaşı, 27 kəndin əhalisini kəndlə birlikdə oda qalamış, yer üzündən silmiş, təkcə bu hesaba minlərlə dinc əhalini kütləvi surətdə qırmışdılar. Törətdikləri qırğınlar zamanı işğalçıların, 5000-dən çox əsgərini itirməsi isə silah təchizatı belə olmayan yerli əhalinin nizami qoşun hissələrinə qarşı son dərəcə igidliklə döyüşdüyünü yetərincə sübut edir. Əgər ölkənin mərkəzində qətliamlar 3-4 gün ərzində davam etmişdisə, bu qanlı aktların bölgələrdə daha artıq, yəni, 9-10 gün ərzində baş verdiyi barədə məlumatlar vardır. O dövrdə  Quba şəhər rəisi olan Əlibəyov öz ifadəsində bildirirdi ki, “zorakılıqlar qətllər və qarətlər doqquz gün davam etdi. Mən yenidən Amazaspın yanına gələrək heç olmazsa, ölülərin cəsədlərinin yığılaraq torpağa tapşırılmasına icazə verməsini xahiş etdim. Yanımda olan erməni Amazaspa məruzə etdi ki, şəhərdən Nikolay pulu ilə nağd 3 milyon manat pul yığılıb, 6 milyon manatlıq qızıl və qızıl qadın bəzək əşyaları toplanıb, hər öldürülmüş erməni əvəzinə 200 müsəlman öldürülmüş, hər zorlanmış erməni arvadı əvəzinə 70 müsəlman qadını və qızı zorlanmış, 90-a yaxın ev yandırılmışdır. Erməni komissarı çıxışını belə yekunlaşdırdı: “İş tamamlanmışdır, artıq bəsdir, gedək” . Təhqiqat Komissiyasına ifadə verən şahidin dediklərindən: “Amazasp daşnak dəstəsinə bələdçilik edən qubalı erməni Harun Hayrapetovu yanına çağırdı və ona nəsə dedi. Harun cibindən bir siyahı çıxarıb oxumağa başladı. Həmin siyahıda Qubanın varlılarından 26 nəfərin adı var idi. Amazasp həmin adamların dalınca silahlı əsgərlərindən bir neçəsini göndərdi. Silahlı əsgərlər həmin ailələrdən altı nəfərlə geri qayıdanda daşnak komandiri daha da qızışdı. Gətirilənlərin 4-ü qadın, 2-si yeniyetmə idi. Amazaspın tapşırığı ilə yeniyetmələrin başlarını kəsdilər. Qadınları uşaqlarının qanını içməyə məcbur etdilər. Onlar şivən qoparıb, daşnakların üstünə atılanda qarınlarını süngülərlə deşdilər. Sonra qılıncla bədənlərini tən ortadan ikiyə böldülər. Meydanda ah-nalə yüksələndə Amazasp əsgərləri cərgə ilə düzdürüb, əlyalın, günahsız əhaliyə atəş açmağı onlara əmr etdi. Yüzlərlə adam qırıldı. İnanmaq olmurdu ki, insan insana qarşı bu qədər vəhşilik törətsin”. Daşnak erməni-birləşmələrinin Azərbaycanda törətdikləri əməllərə qeyri millətlərin nümayəndələri də biganə qala bilmirdilər. Onlar görürdülər ki, ermənilər bolşevik adı altında gizlənərək, azərbaycanlılara qan uddururlar. Bu barədə Təhqiqat Komisssiyasının üzvü A. Novatski öz məruzəsində bildirirdi: “Amazaspın rəhbərlik etdiyi dəstə dəmiryolunun, şəhərin iki tərəfində yerləşən müsəlman kəndlərinə hücum çəkir, evlərə od vurub yandırır, əhalini qarət edir və öldürürdü. Onlar qaça bilməyib, kənddə qalan əhalini, hətta uşaqları və qadınları da ucdantutma surətdə qırırdılar. Elə hallar olmuşdu ki, əhali tabe olduğunu bildirmək üçün ermənilərin yanına ağ bayraqla nümayəndələrini göndərmişdi. Amma ermənilər onları danışıq aparmadan, yerindəcə güllələmiş, gəldikləri kəndləri dağıtmışdılar. Amazaspın dəstəsi o dərəcədə qisasçı idi ki, müsəlmanların dini heysiyyatına belə toxunurdular. Ermənilər çoxlu sayda məscidləri odlamış, Quran kitablarını cıraraq yandırmışdılar”. Quba qətliamlarının canlı şahidi olan Şahbalı oğlunun dediklərindən: “Ermənilər o qədər adam qırmışdılar ki, Qubanın küçələri al-qana boyanmışdı. Əllərinə keçən iki mindən çox adamı meydana yığıb ucdantutma güllələmək istəyəndə bir nəfər onların başçısına yaxınlaşdı. Deyilənə görə, bu, komissar idi. Bir qədər söhbət etdikdən sonra əsgərlərə əmr verildi ki, silahları aşağı salsınlar. Qadınlar və uşaqlar ağlayırdılar. Yekəpər bir erməni beş nəfərlə camaata yaxınlaşıb, cavan, gözəgəlimli qadınları seçməyə başladı. Əllidən çox qadını hara isə apardılar. Onlardan birinin qardaşı etirazını bildirəndə onu yerindəcə güllələdilər. Onun meyidini yerə sərib, bıçaqla gözlərini çıxartdılar. Əli qana batmış erməni ovucunda tutduğu gözləri camaatın üstünə tulladı. Kütlədən uğultu qopdu. Daşnaklar ermənicə söyə-söyə qabaq cərgədə duran əhalini tüfəngin qundağı ilə döyməyə başladılar. Sonra irəli çıxmış bir kişinin qarnını  süngü ilə deşdilər. Bu, göz ilə baxılası müsibət deyildi”. Erməni quldurları azərbaycanılara verdikləri əzablardan doymurdular. Bu başkəsənlər insanların ah-vay səslərindən, ölüm səhnələrindən ilhamlanaraq, sanki teatr tamaşası düzəldirdilər. –“ermənlər dindarları Qubanın mərkəzinə gətirdilər. Bu döyülən insanlar qəzanın ən hörmətli ağsaqqalları sayılırdılar. Amazasp hamının tanıdığı Quba ermənisi Harunu çağırdı. Harun azərbaycanca dedi ki, sünnülər və şiələr hərəsi bir tərəfə çəkilib üz-üzə dursunlar. Elə o cür də durdular. Aralarında 20-30 metr olardı. Sonra iki tüfəng gətirib dedilər ki, onsuz da sizin hamınızı qıracağıq. Kim sağ qalmaq istəyirsə, dediyimizə əməl etsin. Sünnülər və şiələr növbə ilə bir-birlərinə güllə atsınlar. Sağ qalanlarla işimiz olmayacaq. Birinci iki nəfəri irəli çıxardıb tüfəngləri onlara verdilər. Biri ləzgi Məhəmməd, o birisi isə şiələrin ağsaqqalı Məşədi Mirsadıq idi. Onların heç biri erməni silahını əlinə almaq istəmirdi. Qundaqla başlarını yarıb onları tüfəngləri götürməyə məcbur etdilər. İkisi də tüfənglərini qaldırıb bir-birlərini nişan aldı. Hamı məəttəl qalmışdı. Nisbətən cavan olan Məhəmməd, heç kimin gözləmədiyi halda  geri döndü və bir daşnakı yerə sərdi. Qarşılıqlıqdan istifadə edən Məşədi Mirsadıq da bir ermənini öldürdü. Qaçmaq istəyən yüzlərlə adamı pülemyotlarla qırdılar. Ölənlərin çoxu qadınlar və uşaqlar idilər. Əvvəlcə Məhəmmədin qollarını kəsdilər, sonra ayaqlarını. Başını kəsib süngüyə keçirdilər və hamı görsün deyə yuxarı qaldırdılar. Məşədi Mirsadığın gözlərini çıxardıb, qollarını sındırdılar və boynunu qırdılar. Həmin gün daşnaklar məscidi dağıdıb, həm sünnülərdən, həm də şiələrdən 20-dən çox din xadimini qətlə yetirdilər. Qırğınların elə birinci günündə Qubada 1000 nəfərə qədər adam öldürülmüş, yüzlərlə kənd-qəsəbə talan edilmişdi. İnsanlığa inanıb, sülh üçün danışığa gələnlərə belə aman verilməmişdi. Təkcə bir yerdə qulağı, burnu və digər orqanları kəsilmiş 57 qadının meyidi tapılmışdı. 3 yaşlı uşaq doğranmış, 25 yaşlı gəlin diri-diri divara mıxlanmışdı. Ümumilikdə Quba qəzasında 162 kənd dağıdılmış, onlardan 31-i yer üzərindən silinmişdir. Qubanın mərkəzindəki mədrəsəni yandıran erməni vəhşiləri 1300-dək müqəddəs kitabı tonqala ataraq yandırmışdılar. Dindarlara acımadan, xalqın gözü qarşısında ən qəddar bir şəkildə öldürmüşdülər. Yerlilərin dediklərinə görə, tarixdə Amazasp kimi vəhşi insan hələ dünyaya gəlməyibdir. O, 100-200 arası əli bağlı adamı dəmir yolu relslərinin üzərinə düzdürərərk, üstündən qatarı keçirdib. Körpə uşaqları ağacdan asdırıb, əhalinin gözləri qarşısında 40 adamın başını kəsdirib. Amazasp camaatı məcburu halda topladaraq, çəkinmədən hədələyirdi. O deyirdi: “Mənə əmr edilmişdir ki, dənizdən (Xəzərdən) Şahdağına kimi bütün müsəlmanları məhv edim, onların yaşayış yerlərini, Şirvanda olduğu kimi, tamamilə dağıdıb, torpaqla birləşdirim”. Quduzlaşan Amazsp müsəlmanlara qarşı sonu görünməyən bir qəzəblə: “Mən sizin qanınızı içəcəyəm”-deyə hiddətlə bağırırdı. O söyləyirdi: “Mən əslən Ərzurumdanam. Uzun müddət türklərlə vuruşmuşam. Mən erməni mənafelərinin müdafiəçisiyəm. Mən sovet hökuməti tərəfindən cəza dəstəsi kimi buraya göndərilmişəm ki, iki həftə əvvəl öldürülmüş ermənilərin qisasını alım. Sizin müsibətiniz o vaxt başlayacaq ki, mən sabah o dağa çıxım. O dağdan şəhəri topa tutduracaq və yerlə-yeksan edəcəyəm. Hazırda mənim Digah və Alpan kəndlərində döyüşlərim gedir. Sonra Üçgün və Kilit kəndlərindən  keçərək sizi oda yaxacaq və Şahdağa çatacağam. Mən bura qayda-qanun yaratmaq və sovet hökuməti qurmaq üçün deyil, öldürülmüş ermənilərin qisasını almağa göndərilmişəm”. 1918-ci ildə azğın, vəhşiləşmiş, təpədən dırnağadək silahlanmış erməni quldurlarının Azərbaycanın dinc sakinlərinə qarşı apardığı məzalimlər dərin-dərin quyularda gizlədilsə də, zaman keçdikdən sonra bu qanlı cinayət faktı aşkara çıxarılmışdır. Müsəlman-türk qanına susayan erməni qaniçənlərinin, xüsusilə Amazaspın rəhbərlik etdiyi daşnak qüvvələri böyük-kiçik, xəstə-qoca, körpə-qadın bilmədən kütləvi əhalini amansızcasına qətlə yetirdi və onların basdırıldıqları toplu quyular bu qanlı cinayətlərin bariz nümunəsidir. İlahə ƏLİYEVA Tarixçi-tədqiqatçı Yazı, Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Ziyalı Ocağı” İctimai Birliyi tərəfindən “1918-ci ildə azərbay­can­­l­ı­ların soy­qı­rımına həsr olunmuş Beynəlxalq Konfransın keçirilməsi” mövzusunda gerçəkləşdirilən layihə çərçivəsində çap olunur.

Oxunma sayı: 704

Oxşar yazılar