Ailəsi Dilqəm Əsgərovdan bir ildir məktub almır

  • 02 Okt - 2018
Dünən Beynəlxalq Mətbuat Mərkəzində "Mərhəmət” Kimsəsizlərə Yardım İctimai Birliyinin təşkilatçılığı ilə girovluqda olan Dilqəm Əsgərovun doğum günü ilə bağlı mətbuat konfransı keçirilib.
Tədbiri giriş sözü ilə açan ictimai birliyin rəhbəri İradə Polad qeyd etdi ki,  sentyabrın 30-da Dilqəm Əsgərovun ad günü idi: "Ermənilər çalışır ki, həqiqəti gizli saxlasınlar. Amma bu, belə deyil. Dilqəm Əsgərov, Şahbaz Quliyev 2014-cü ildə öz ata-baba yurdlarını ziyarət edərkən ermənilər tərəfindən əsir götürülüblər. Onlarla bağlı qanunsuz məhkəmə təşkil olunub və həbs ediliblər. 2016-cı il noyabrın 23-də Dilqəm Əsgərov və Sahbaz Quliyevin hüquqlarını müdafiə komitəsi yaradılıb. Azərbaycan rəsmiləri bu məsələni müxtəlif səviyyələrdə qaldırır, amma hələ ki, bir nəticə yoxdur. ATƏT-in Minsk qrupunun həmsədri olan Rusiya bu məsələdə heç bir fəallıq göstərmir. Ermənistanın baş naziri Paşinyan bu günlərdə Kəlbəcərdə olub. Demokratiyadan danışan biri beynəlxalq hüququ ayaqlar altına atır. Bütün beynəlxalq təşkilatlar erməni özbaşınalığına göz yumurlar. Beynəlxalq hüquq nə vaxt işləyəcək? Bizim girovlarımız hələ də əsirlikdədir. Onların haqqında heç bir məlumat ala bilmirik”.
Tədbirdə çıxış edənlər arasında Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov da var idi. O bildirdi ki, Dilqəm Əsgərov və Şahbaz Quliyev 2014-cü ildə öz doğmalarının qəbrini ziyarət edərkən erməni işğalçıları tərəfindən girov götürülüblər: "2014-cü ilin iyulun 11-də Atam Dilqəm Əsgərov və Şahbaz Quliyev və Həsən Həsənov öz ata-baba yurdlarını ziyarət etmək üçün hazırda Ermənistan tərəfindən işğal altında saxlanılan Azərbaycanın Kəlbəcər rayonuna gəlib. Bu zaman Dilqəm Əsgərov, Şahbaz Quliyev Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüb, Həsən Həsənov isə öldürülüb. Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində qanunsuz «məhkəmə» qurublar. Bu məhkəmənin qərarına əsasən Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum ediliblər. Hazırda onlar Şuşa həbsxanasında saxlanılırlar. 2017-ci ilin noyabr ayından etibarən isə biz atamdan məktub ala bilmirik. Bununla bağlı Xaç Komitəsinə müraciət etmişik. Həmçinin bir sıra aidiyyəti qurumlara rəsmi müraciətlərimiz olub. Komitənin əməkdaşları bizə şifahi olaraq cavab verdi. Aidiyyəti qurumlar isə bildirdi ki, Dilqəm Əsgərov özü məktub yazmaq istəmir. Əlbəttə ki, bu, inandırıcı deyil, tamamilə cəfəngiyatdır. Bir sıra ölkələrdə olarkən atamın azadlığa buraxılması üçün əlimdən gələni etməyə çalışmışam. 2017-ci ilin sentyabr ayında Polşada bu barədə çıxış elədim. Bu məsələni tez-tez gündəmə gətiririk. Dilqəm Əsgərov və Şahbaz Quliyevin girov götürülməsi və onlara qarşı qanunsuz məhkəmə qurulması ilə bağlı onu deyə bilərəm ki, belə bir hadisənin analoqu yoxdur. Qondarma məhkəmə absurd olduğu qədər də, mənasızdır. Doğma torpaqlarında gəzdiklərinə görə, onlara hökm oxunub. Ermənilər hətta, faşistlərin ağıllarına gəlməyən düşüncələri 21-ci əsrdə həyata keçirir. Maraqlıdır, bu ərazidə yaşayan ermənilərə qarşı "niyə bu ərazidə yaşayırsınız?” ittihamları olsaydı, dünya ictimaiyyəti məsələyə necə reaksiya verərdi? Yəqin ki, o zaman haray-həşir qopardı. Amma azərbaycanlılar sivil xalq olduğuna görə, indiyə qədər onların etdiklərinə dözümlülük nümayiş etdirib. Biz bu günə kimi dözüb səbir etmişik ki, ədalət bərpa olunar. Amma səbrin də bir həddi var”.
Saxalin Diaspora Nümayəndəliyinin rəhbəri Nazir Hətəmov söylədi ki, təbliğat kampaniyası gücləndirilməlidir: "Azərbaycanın 20 faiz torpağı işğal altındadır. Mən Şahbaz Quliyev və Dilqəm Əsgərovu yaxından tanıyıram. Çalışmaq lazımdır ki, bu məsələni Rusiyanın vasitəçiliyi ilə həll edək. Çünki Azərbaycanda yüzlərlə, minlərlə belə tədbirlər keçirsək də, səsimizi dünya ictimaiyyətinə çatdıra bilmirik. Burada bizim özümüzdən də çox şey asılıdır. Təbliğat belə məsələlərdə hər zaman  böyük rol oynayır. Dilqəm Əsgərov və Şahbaz Quliyev cinayət törətməyiblər. Biz 1988-ci ildən bəri xeyli sayda şəhid vermişik. Amma başımıza gələnləri tez yaddan çıxarırıq. İstərdim ki, bu məsələnin həllində hamımız öz əlimizdən gələni edək”.
Jurnalist Aqil Camal söylədi ki, bu məsələ daim diqqətdə saxlanılır: "Dilqəm Əsgərov və Şahbaz Quliyevin həbsindən 4 ildən çox vaxt keçib. Məsələ ilə bağlı müraciət etsək də, Ermənistan tərəfi bunun həllində maraqlı deyil.   Onların dəyişdirilməsi üçün dəfələrlə müraciət edilib, amma Ermənistan bu müraciətləri qəbul etməyib. Azərbaycan vətəndaşları öz dədə-baba yurdlarına gedir, öz ölkəsinin ərazisindədir, amma terrorçuların hücumuna məruz qalır, həbs olunur. Bu məsələni bütün görüşlərdə diqqətdə saxlamalıyıq”.
kaspi.az

Oxunma sayı: 1331

Oxşar yazılar