Deputat: “Sökülən evlərə görə kompensasiya 1500 manatdan 2 min manata artırılsın”

  • 16 Mar - 2018
“Son illərdə dolların məzənnəsinin qalxdığını və Azərbaycan manatı devalvasiya olunduğunu nəzərə alaraq gözləmək olardı ki, hökumətimiz sökülən evlərin kompensasiyasını bir qədər qaldıracaq. Lakin hazırda eşitdiyimə görə, yenə də əvvəlki illərdə hesablanan məbləğ təklif olunur. Yəni 1500 manat”. Deputat Elmira Axundova bunu parlamentdə, hökumətin hesabatının müzakirəsi zamanı söyləyib. Hesabatı müsbət qiymətləndirən xanım deputat bildirib ki, çətinliklərə rəğmən dövlət bir sıra layihələrini, xüsusən sosial layihələri dayandırmayaraq, bir çox vacib işləri həyata keçirib: “Hesabata nəzər saldıqda biz görürük ki, əvvəlki illə müqayisədə istehsal edilən Ümumi Daxili Məhsul (ÜDM) 0,1 faiz artaraq 60 milyard manatdan 70 milyard manata qədər çatıb. Burada əsas artım qeyri-neft sənayesi olan kənd təsərrüfatı, tikinti, nəqliyyat, rabitə və digər bu kimi sahələrdə müşahidə olunur. 2016-cı illə müqayisədə 2017-ci ildə ölkənin qeyri-neft sektorundan əldə olunan ÜDM-un miqdarı 2,7 faiz artaraq 440 milyard manatı keçib. Bu da son illərdə neft gəlirlərinin səviyyəsindən asılı olmayaraq ölkə iqtisadiyyatının neft sektorundan asılılığının azaldılması və ölkəmizin ixrac imkanlarını genişləndirilməsi məqsədi ilə, qeyri-neft sektorunun yüksək inkişaf tempini təmin etmək üçün qeyri-neft məhsulları ixracının stimullaşdırılması və təşviqi, iqtisadiyyatın şaxələndirilməsi və investisiya qoyuluşunun sürətləndirilməsi ilə bağlı prezident İlham Əliyev tərəfindən verilən tapşırığın uğurla icra edildiyini göstərir”. E.Axundova qəzalı vəziyyətdə olan və sökülməsi nəzərdə tutulan keçmiş “Sovetski” küçəsində və onun ətrafında yerləşən binalar haqqında da danışdı: “Son illərdə dolların məzənnəsinin qalxdığını və Azərbaycan manatı devalvasiyaya olunduğunu nəzərə alaraq gözləmək olardı ki, hökumətimiz sökülən evlərin kompensasiyasını bir qədər qaldıracaq. Lakin hal-hazırda eşitdiyimə görə yenə də əvvəlki illərdə hesablanan məbləğ təklif olunur, yəni 1500 manat. Nəzərə alsaq ki, bu ərazilərdə kiçik həcmli evlər kifayət qədərdir, yaxşı olardı ki, onların sahiblərinə pul əvəzinə təzə tikilən binalarda hazır evlər verilsin. Artıq belə təcrübədən uğurla istifadə olunub. Özü də bildiyimə görə dövlət hesabına tikilən belə evlərin 1 kvadrat metri, təmirlə birlikdə 500 manata başa gəlir, yəni dövlət hər kvadrat metrdə 1000 manata qədər qənaət edə bilər. Nəticədə ölkə büdcəsində xeyli miqdarda vəsait qalacaq, həm də insanlar razı olacaqlar. O ki qaldı nisbətən iri həcmli evlərin sahiblərinə, yəni 60-80 kvadrat metrdən yuxarı, bunların kompensasiya həcmi manatın inflyasiyası nəzərə alınmaqla, heç olmasa 2000 manata çatdırılmalıdır. Düşünürəm ki, bu sosial cəhətdən ədalətli olardı”. Deputat müvafiq qurumları Bakının ikinci dərəcəli küçələrinə də nəzər salmağa çağırdı: “Çünki Bakının mərkəzi küçə və prospektlərindən başqa ikinci, üçüncü dərəcəli yollarında asfalt örtüyü çox vaxt bərbad vəziyyətdədir, çala-çuxurlar əmələ gəlir, səkilərdə isə ümumiyyətlə rahat getmək olmur. Bu da həm insanların rahatlığına mane olur həm də Bakının imicinə xələl gətirir, ələlxüsus nəzərə alsaq ki Bakı turist məkanına çevrilməkdədir. Bir məsələ də respublikanın müxtəlif regionlarında, xüsusi ilə Abşeron yarımadasında vətəndaşlar tərəfindən kənd təsərrüfatı təyinatlı torpaqlarda kompakt şəkildə inşa edilən yaşayış məntəqələri ilə bağlıdır. Elə ərazilər var ki, insanlar artıq 20-30 ildir ki, orada inşa etdikləri fərdi evlərdə yaşayırlar, qanunsuz da olsa, salınmış bu yaşayış məntəqələrinin əksəriyyəti kommunikasiya xətləri ilə təchiz olunub, sakinlər rabitə xidmətlərindən, işıq, su, qaz və s. kommunal xidmətlərdən istifadə edirlər, bu xidmətlər üçün haqq ödəyirlər. Tikililərin bir çoxuna Bələdiyyə və İcra Hakimiyyətləri tərəfindən sənədlər verilmişdir. Lakin kompleks yanaşma olmadığından, bu ərazilərin torpaqları hələ də rəsmi sənədlərdə “kənd təsərrüfatı təyinatlı” torpaqlar olaraq qeydiyyatdadır. O səbəbdən də insanlar 20 ildən artıqdır ki, yaşadıqları evlərə qeydiyyata düşə bilmirlər. Xahiş edirəm bu məsələni nəhayət, həll edəsiniz”. Musavat.com

Oxunma sayı: 1078

Oxşar yazılar