Suriyada təyyarə qəzasında ölən rus generalı Bakıda 20 yanvar qırğınının iştirakçısı olub

  • 07 Mar - 2018
Xəbər verdiyimiz kimi Rusiyanın Suriyadakı Hemymim bazasına eniş zamanı qəzaya uğrayan An-26 hərbi təyyarəsinin içində ölən şəxslər arasında rus general Vladimir Vaniyaminoviç Yeremeyev də olub. Avropa.info xəbər verir ki, Vladimir Yeremeyev Moskva vilayəyində yerləşdirilmiş 27-ci motoatıcı qvardiya briqadasına komandanlıq edib. Onun Moskvanın Troisk kilsəsində 2012-ci ildə çəkilmiş fotosu da var. O zaman o, polkovnik rütbəsi daşıyıb. Onun soldan ikinci şəxs olduğu ehtimal edilir. 2016-cı ilin dekabrında Rusiya prezidenti Putin Vladimir Yeremeyevə general-mayor rütbəsi verib.2012-ci ildə Moskvada keçirilən qələbə paradında 27-ci motoatıcı briqadaya komandanlıq edib. “Rusiyanın hərbi xüsusi təyinatlıları, QRU-nun nəzakətli adamları” kitabına görə Yeremeyev Əfqanıstanda xidmət keçib. SSRİ silahlı qüvvələrinin Baş qərargahının Baş Kəşfiyyat İdarəsinin (QRU) xüsusi təyinatlı dəstələrində xidmət edən Yeremeyev 1988-91-ci illərdə 12-ci briqadanın tərkibində Tbilisi hadisələrinin, 1990-cı il 20 yanvarında Bakıda xalq hərəkatının yatırılmasında, Dağlıq Qarabağ muxtar vilayəti və Cənubi Osetiya ərazisində SSRİ-nin konstitusiya quruluşunun bərpasında iştirak edib. Onun Azərbaycanda xidmət etdiyi yer Zaqatala rayonu göstərilir. 3 sentyabr 1992-ci ildən briqada Ural hərbi dairəsinin tərkibinə daxil olub. Qeyd edək ki, 1990-cı ilin yanvarın 20-də sovet qoşunları Bakıda kütləvi qırğın törədib. Bakıya qoşun yeridilməyəcəyini deyən o zamankı SSRİ rəhbərliyi ordu hissələrini Azərbaycanın paytaxtına göndərdi. SSRİ Ali Sovetinin Rəyasət Heyəti özünün 19 yanvar 1990-cı il tarixli fərmanı ilə yanvarın 20-dən Bakı şəhərində fövqəladə vəziyyət elan etdi. “QRU”-nun diversiya dəstələri ordu hissələrindən əvvəl Bakıya göndərilib və bu dəstə 1990-cı il yanvarın 19-da saat 19:26-da Azərbaycan televiziyasının enerji blokunu partladıb.

Oxşar yazılar