"Uğursuzluğumuz yalnız “Qarabağ”a qarşı keçirdiyimiz iki görüşlə bağlı deyil" - "Atletiko"nun futbolçusu

  • 02 Yan - 2018
“İnsanlar “Qarabağ”la hər iki oyunda heç-heçə etdiyimiz üçün uğursuzluğa düçar olduğumuzu düşünür. Lakin biz ümumilikdə qrup mərhələsində zəif çıxış etdik”. Bunu "AS" nəşrinə müsahibəsində İspaniyanın “Atletiko” komandasının futbolçusu Saul Nyiqes deyib. 23 yaşlı yarımmüdafiəçi bildirib ki, Çempionlar Liqasında (ÇL) mübarizəni dayandırmalarını yalnız “Qarabağ”la matçlarda xal itirmələri ilə əlaqələndirmək düzgün deyil. Onun sözlərinə görə, qrup mərhələsinin son oyunlarda yaxşı çıxış etsələr də, bu, 1/8 finala vəsiqə qazanmaq üçün yetərli olmayıb: “Roma” və “Çelsi”yə qarşı yaxşı oynasaq da, növbəti mərhələyə adlaya bilmədik. Uğursuzluğumuz yalnız “Qarabağ”a qarşı keçirdiyimiz iki görüşlə bağlı deyil. Qrup mərhələsində yaxşı təsir bağışlamadıq və bunu qəbul etməliyik”. Qeyd edək ki, ÇL-də C qrupunu 7 xalla 3-cü pillədə başa vuran və mübarizəni Avropa Liqasında davam etdirməli olan "Atletiko" "Qarabağ"la Bakıdakı görüşdən 0:0, Madriddəki qarşılaşmadan isə 1:1 hesablı heç-heçə ilə ayrılıb. "Roma" 11 xalla 1-ci, eyni xala malik "Çelsi" 2-ci yeri tutaraq 1/8 finala yüksəlib.
Report

Oxunma sayı: 110

Oxşar yazılar