“Bəkirnamə” kitabının təqdimatı keçirilib

  • 21 Noy - 2017
AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) AMEA Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, dosent Esmira Fuadın müəllifi olduğu “Bəkirnamə” kitabının təqdimatını keçirib. Kitab görkəmli ədəbiyyatşünas alim, Azərbaycanın "Şöhrət" və "İstiqlal" ordenli Əməkdar elm xadimi, iki dəfə Dövlət mükafatı laureatı, akademik Bəkir Nəbiyevə həsr olunub. Avropa.info xəbər verir ki, tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, akademik, millət vəkili İsa Həbibbəyli bildirib ki, görkəmli elm xadimi Bəkir Nəbiyev haqqında yazılan çoxsaylı məqalələr və kitablar arasında bu əsərin öncəki mənbələrdən fərqi odur ki, müəllif epizodik şəkildə, bəzi elementlərə istinad edərək elmi publisistik üslübda, hər bir oxucunun anladığı dildə ictimaiyyətə təqdim edir. Bu cür portret kitabların yaradılmasını ədəbiyyatşünaslıq elmində ən vacib məsələlərdən biri hesab edən İsa Həbibbəyli alimin həyat yoluna nəzər salınması, “Bəkirnamə”də onun elmi fəaliyyəti ilə yaşadığı gerçəkliklərin ibrətamiz cəhətlərinin sintez edilməsini və alimin çoxşahəli elmi fəaliyyətinin geniş təhlil olunmasını uğurlu müəllif tapıntısı adlandırıb, “Oğuznamə”də olduğu kimi dastanvari və folklor elementləri ilə zənginləşdirilmiş tam bir Bəkirnamə halında təqdim edilməsini kitabın dəyərini artıran ən ümdə məqamlardan biri olduğuna diqqət çəkib. AMEA Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli çıxışında bildirib ki, böyük tarixi şəxsiyyətlər haqqında yazılan namələr - "Şahnamə", "İsgəndərnamə", "Bəhramnamə","Oğuzanamə" - kimi Bəkirnamənin də yazılması çox təbiidir. Namə - öz sahəsində, vətənində, el arasında nüfuz qazanan, müstəsna xidmətləri olan bir insandan soraq verir. “Bəkirnamə”də fenomen bir insanın, zəngin irsə sahib olan elm xadiminin taleyi işıqlandırılır. T.Kərimli Bəkir Nəbiyevin yorulmaz fəaliyyətini, hər bir işçiyə öz doğması kimi yanaşmasını, şəxsi keyfiyyətlərini qeyd edərək onu bir insanlıq, işgüzüarlıq, türkçülük məktəbi adlandırıb. Xalq şairi Sabir Rüstəmxanlı ədəbi tənqid elminin dəyərli bir siması olan Bəkir Nəbiyev haqqında yazılan bu kitabın təqdimat mərasimində iştirak etməkdən məmnun olduğunu bildirib və eyni amal uğrunda düşünən, alimlə çiyin-çiyinə çalışan ədəbiyyat xadimlərinin adlarını sadalayaraq hər birisinin xüsusi çəkisi olduğunu söyləyib. Belə əsərlərin ədəbiyyatşünaslıq tarixində xüsusi dəyər daşığıdını deyib. Millət vəkili, Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov ustadının elm aləmindəki xidmətlərinə toxunub və onun əsl pedaqoq kimi üstün cəhətlərindən söz açıb. Tələbələrinə böyük ehtiramla yanaşdığını, birlikdə səfərlərə getməsini və hər yerdə Bəkir müəllimin alicənab və müdrik bir şəxs kimi ali keyfiyyətlərinin şahidi olduğunu deyib. Bəkir Nəbiyevin tələbəsi, millət vəkili Jalə Əliyeva Füzuli haqqında yazmış olduğu elmi işinin müdafiəsi zamanı akademikin onun əsərinə verdiyi dəyərdən, gənclərə göstərdiyi dəstəyindən danışıb və bildirib ki, həmin gün Bəkir müəllimin mövzu ilə bağlı kəsərli nitqi ona elm aləminə bir alim kimi ilk vəsiqə qazandırıb. Professor Asif Rüstəmli çxışında akademik Bəkir Nəbiyevin haqqında yazılan əsərin əhəmiyyətinə toxunub və ədəbiyyatşünaslıq elminin inkişafında əvəzsiz xidmətləri ilə seçilən böyük alimin adına ucaldılmış abidə hesab edib. Təqdimat mərasimində "Bəkirnamə" kitabı haqqında hazırlanmış videoçarx nümayiş olunub. Türk Dünyası Bakı Atatürk Liseyinin direktoru Hüseyin Demirel Bəkir Nəbieyin timsalında zaman-zaman türk dünyasında belə aydınların olmasını xoşbəxtlik kimi qiymətləndirib. “Bəkirnamə” kitabının müəllifi, AMEA Ədəbiyyat İnstitutunun əməkdaşı, dosent Esmira Fuad bildirib ki, adi müxbirlikdən akademik səviyyəsinədək yüksəlmiş, zəngin yaradıcılığı ilə Azərbaycan elmində öz parlaq səhifəsini yaratmış, ədəbiyyatşünaslığımızın dinamik inkişafında və zənginləşməsində müstəsna xidmətləri olan Bəkir Nəbiyev haqqında belə bir əsərin yazılması onun son beş illik fəaliyyətinin nəticəsi və öz müəlliminə böyük ehtiramın nümunəsidir. Tədbirin sonunda akademikin qızı, Mərkəzi Elmi Kitabxananın direktoru Leyla İmanova kitabın müəllifi Esmira Şükürovaya, redaktoru Xuraman İsmayılovaya, tədbirə təşrif buyuran və çıxış edən bütün ziyalılara, eləcə də video təqdimatın hazırlanmasında zəhməti keçən MEK əməkdaşlarına və Azərbaycan Radiosunun diktoru, Respublikanın Əməkdar artisti İradə Ələkbərqızına dərin təşəkkürünü bildirib.  

Oxunma sayı: 990

Oxşar yazılar