“Anadolu” agentliyi energetika xəbərlərini necə hazırlayır? - FOTOLAR

  • 24 Okt - 2017
Türkiyənin İş Birliyi və Koordinasiya Agentliyinin (TİKA) "Anadolu" xəbər agentliyi ilə birgə Ankarada xarici jurnalistlər üçün təşkil etdiyi "Enerji müxbirliyi" kursunun ikinci günü, iştirakçılar daha çox sahə ilə bağlı praktik bilgilər əldə ediblər. Musavat.com-un təlimlərdə iştirak edən əməkdaşının məlumatına görə, ilk dərs saatında Türkiyənin tanınmış eksperti Volkan Özdemir jurnalistlərə dünyadakı təbii qaz yataqları və onların idarə olunması mövzusunda geniş bilgilər verib. V. Özdemir hazırda dünyada dövlətlərin üzərində çalışdıqları enerji layihələrindən danışaraq, bu layihələrin gələcək perspektivlərindən də bəhs edib. O, jurnalistlərə layihələrlə bağlı hansı prosesləri izləyib, nələrin daima nəzarətdə saxlanılmalı olduğunu söyləyib. Günün ikinci yarısında isə “Anadolu” agentliyinin əməkdaşı Bahattin Gönültaş bir müsahibənin necə götürülməlisinin incəliklərindən, jurnalistlərin daha çox nələrə diqqət etməli olduqlarından, suallar hazırlanan zaman sıralamanın necə olmasından və digər bu kimi istiqamətlərdən danışaraq, iştirakçılara geniş məlumatlar verib. İştirakçılar nəzəri bilgiləri əldə etdikdən sonra öyrəndiklərini təcrübə şəkilində sınaqdan keçiriblər. Onlar bir-birilərindən müsahibə alıb, sürətli şəkildə xəbər yazıb, başlıq qoyub, foto çəkərək 5 dəqiqə ərzində e-mail vasitəsilə təlimçiyə göndərməli olublar. Bütün bu proses operatorlar tərəfindən video lentə alınıb. Qeyd olunub ki, iştirakçıların bədən dili, müsahiblə ilk görüş zamanı davranışları, danışığı, sual vermək tərzi və digər bu kimi məsələlər videoya baxılaraq, qiymətləndiriləcək. Eyni zamanda iştirakçıların öz səhvlərini kənardan müşahidə etmələri üçün video material onlara da veriləcək. Günün sonunda isə xarici jurnalistlər “Anadolu” agentliyinin enerji şöbəsində iş prosesi ilə tanış olublar. Burada jurnalistlərə agentliyin iş prinsipi, müxbirlərin fəaliyyəti və digər bu kimi məlumatlar da verilib. Həmçinin agentliyin dünyanın müxtəlif ölkələrindən gələn xəbərləri necə sayta vermələri kimi texniki məsələlər barəsində də danışılıb. Musavat.com-a açıqlamasında agentliyin əməkdaşı Barış Sağlam bildirib ki, enerji şöbəsində hazırda 8 nəfər müxbir heyəti çalışır: “Onların hər biri gün ərzində ən azı 3-5 xəbər yazırlar. Ümumilikdə isə enerji şöbəsinin xəbərlərinin sayı günboyu 15-30 arasında dəyişir. Məlumdur ki, xəbərə çatmaq üçün əsas məsələ müxbirin xüsusi əlaqələrinin olmasıdır. Bizim əməkdaşların konkret qaynaqları var və məlumatları da onlara zəng etməklə əldə edirlər. Bundan başqa əməkdaşlarımız ayrı-ayrı bölgələr, ölkələrlə də çalışırlar. Yəni bölgələr müxbirlərimizin arasında bölünüb. Hər bir müxbirin özünün çalışma gücü və bildiyi sahələr var ki, bunları da redaktorlarımız təyin edərək, onlar arasında mövzular üzrə müvafiq planlamalarını edirlər. Biz şöbə olaraq türk və ingilis dilində xəbər yayırıq. Lakin iqtisadiyyat şöbəmiz başqadır. Bizim işimiz isə enerji xəbərlərini əldə edib, yazmaqdır. Burada çalışan insanların bəziləri qəzetçilikdən başqa daha öncə enerji, iqtisadiyyat sahələri üzrə də işləyiblər”,-deyə S.Barış bildirib. Qeyd edək ki, Ankarada təşkil olunan kurs 17 noyabr tarixinə qədər davam edəcək. 18 noyabr tarixində isə iştirakçılar İstanbulda sosial tədbirlərə qatılacaqlar. Kursda “Yeni Müsavat”ın əməkdaşı da daxil olmaqla Azərbaycandan 6 nəfər iştirak edir.

Oxunma sayı: 385

Oxşar yazılar