Nazirin qardaşı sələmə verdiyi pulu bağışladı, indi söz məhkəmənindir

  • 30 Avq - 2017
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı Əlikram Camalova qarşı dələduzluq etməkdə təqsirləndirilən Samir Nəbiyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Prosesə hakim Şəkər Məmmədova sədrlik edib. Prosesdə zərərçəkmişin nümayəndəsi İmaməli Əsgərov təqsirləndirilən Samir Nəbiyevin vəkilindən imtina etdiyini, bu barədə məhkəməyə ərizə gəndərdiyini bildirib. S.Nəbiyev ərizəsində vəkili Ceyhun Yusifovun bir çox saytlara onun adından açıqlama verdiyini, həmin açıqlamalardan imtina etdiyini və maddi çətinliyi ilə bağlı Əlikram Camalovun pulunu qaytara bilmədiyini göstərib. Zərərçəkmişin nümayəndəsi Əlikram Camalovun da məhkəməyə ərizə ilə müraciət etdiyini açıqlayıb. O, dəymiş ziyandan imtina edərək, S.Nəbiyevi bağışladığını bildirib. Vəkil Ceyhun Yusifov isə qısa çıxış edərək, imtinanın qəbul olunmasını istəyib: “Mənə Samirin günahsız yerə tutulması lazım deyildi. Bu gün də tərəflər barışdı. Ona görə də, imtinanı qəbul edin". Məhkəmə hər iki ərizəni qəbul edib. Prosesdə məhkəmə istintaqının başa çatması elan olunub. Dövlət ittihamçısı çıxış üçün məhkəmədən vaxt istəyib. Məhkəmənin növbəti iclası sentyabırn 5-nə təyin edilib. Qeyd edək ki, S.Nəbiyev müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı Əlikram Camalova birgə biznes qurmaq təklifi edib. O, Ə.Camalovdan icarəyə götürüb işlətdiyi Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən “Brend Elektrik” elektrik avadanlıqları satışı mağazasına yatırım etməsini istəyib. Əvəzində qazancın yarısını nazir qardaşına verəcəyini vəd edib. Ə.Camalov onunla razılaşıb və Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən ofisdə S.Nəbiyevə 2015-ci il noyabrın 3-də 18 min manat, 2016-cı il fevralın 1-də 3 min 993 manat pul verib. S.Nəbiyev isə vəsaiti mənimsəyərək aldığı pulu Camalova qaytarmayıb. S.Nəbiyevə Cinayət Məcəlləsin 178.3.2(dələduzluq, külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham verilib. Təqsirləndirilən S.Nəbiyev həbs edilməyib, onun himayəsində azyaşlı uşaqlarının olmasını nəzərə alaraq barəsində polisin nəzarətinə vermə qətimkan tədbiri seçilib.
virtualaz.org

Oxunma sayı: 165

Oxşar yazılar