Aprel döyüşlərindən bir il sonra: Cəbhə kəndindən reportaj – Foto

  • 03 Apr - 2017
Ötən ilin aprelində qüdrətli ordumuz Ermənistan silahlı qüvvələrinin təxribatlarına layiqli cavab verdi, uğurlu əks-hücum əməliyyatı ilə düşmənə sarsıdıcı zərbələr endirərək tarix yazdı. Həmin əməliyyat nəticəsində işğal altındakı minlərlə hektar torpağımız azad edildi.
Ordumuz qarşısında aciz qalan düşmən şəhər və kəndlərimizi artilleriya atəşinə tuturdu. O vaxt yüzlərlə ev dağıldı, dinc sakinlərdən ölən və yaralananlar oldu. Ən çox zərər çəkən yaşayış məntəqələrindən biri Tərtər rayonunun Qapanlı kəndi idi.
Avropa.info xəbər verir ki, Azərtac-ın müxbiri Qapanlıya gedərək, düşmənin bir neçə yüz metrliyində yaşayan qəhrəman kənd sakinləri ilə həmsöhbət olub.
Prezidentin cəbhə xəttinə gəlməsi sakinlərdə böyük ruh yüksəkliyi yaradıb
Kənd sakini Ofeliya Abbasova keçən ilin aprel ayını belə xatırlayır: "Bir il əvvəl düşmən kəndimizi atəşə tutanda bizim evimiz də dağılmışdı. Ailəmiz böyük sarsıntılar keçirirdi. Belə bir vaxtda Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva təmas xəttinə çox yaxın olan kəndimizə gəldilər, bizi sevindirdilər. Dövlətimizin başçısı bizimlə söhbətində dedi ki, dağılmış bütün evlər dövlət vəsaiti hesabına bərpa ediləcək. Prezident və xanımı bizimlə xatirə şəkli də çəkdirdilər. Belə bir çətin vaxtda Prezidentin xanımı ilə birlikdə kəndimizə gəlməsi, bizimlə görüşməsi bütün kənd sakinlərində böyük ruh yüksəkliyi yaratdı”.
Prezident İlham Əliyevin "Erməni silahlı qüvvələrinin Ağdam və Tərtər rayonlarını intensiv atəşə tutması nəticəsində mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Sərəncamına əsasən zərər çəkən bütün evlər bərpa edilib. Qapanlı kəndində tamamilə dağılmış bir ev yenidən tikilib, zərər çəkmiş evlərdən 6-da bərpa, 7-də əsaslı təmir işləri aparılıb. Digər 42 evə dəyən ziyan da aradan qaldırılıb.
Qapanlıda sakinlərin döyüş ruhu yüksəkdir
Bu gün kənddə həyat öz axarı ilə davam edir. Buna səbəb əhalinin yurda, torpağa bağlılığı, Azərbaycan ordusuna və Ali Baş Komandana olan böyük inamıdır. Bu inamla yaşayan kənd sakinlərində, xüsusən də gənclərdə döyüş ruhu kifayət qədər yüksəkdir.
Kənd sakini Qədir Əsgərzadə bütün kənd cavanlarının Ali Baş Komandanın əmri ilə torpaqlarımızın azadlığı uğrunda döyüşə atılmağa hazır olduğunu bildirərək deyib: "Kənddə çox az ev, ailə tapılar ki, müharibədən zərər çəkməsin. Ancaq düşmənin təxribatları, kəndi atəşə tutması bizi qorxutmur. Hamımız ordumuza güvənir, işğal altındakı torpaqlarımızın azad ediləcəyinə inanırıq”.
Cəbhə kəndi dövlətin hərtərəfli qayğısı ilə əhatə olunub
Tərtər rayonunun digər cəbhəyanı kəndləri kimi Qapanlıda da əhalinin həyat şəraitinin yaxşılaşdırılması, sosial problemlərinin həlli məqsədilə ardıcıl tədbirlər həyata keçirilir. Hər bir evə içməli su xətti çəkilib, qaz və elektrik problemləri həll edilib. Kəndin elektrik xətləri dəyişdirilərək, müasir SİP kabellərlə yenilənib. Əhaliyə yüksək səviyyədə rabitə xidməti göstərilməsi üçün 128 nömrə tutumlu Elektron Avtomat Telefon Stansiyası tikilib, mənzillər telefon və internetlə təmin olunub. Kəndarası yolda gecə işıqlandırma sistemi quraşdırılıb. Suvarma suyuna olan tələbatın ödənilməsi üçün yeni subartezian quyuları qazılıb. Əhalinin rahat yaşaması, gündəlik məişət, eləcə də təsərrüfat işləri ilə təhlükəsiz məşğul olması üçün kəndin ətrafına istinad divarı çəkilib. Kənddə tibb məntəqəsi və 240 şagird yerlik orta məktəb binası inşa olunub.
Məktəbin müəllimi Alidə Cəfərova deyir ki, atəşkəsin tez-tez pozulmasına baxmayaraq, təmas xəttinin bir neçə yüz metrliyində yerləşən məktəbdə dərslər öz ahəngi ilə gedir. Şagirdlərin davamiyyəti yüksəkdir. Aprel döyüşlərinin getdiyi ötən tədris ilində məktəbi bitirən 13 məzundan 7-si ali məktəbə qəbul olub.
Hazırda Qapanlı kəndinin sakinləri yaz qayğılarını yaşayırlar. Azərbaycan ordusuna güvənən kənd əməkçiləri yaz-tarla işlərini davam etdirirlər.

Oxunma sayı: 1078

Oxşar yazılar