Cəlilabadda əkin sahələri su altında qalıb, kartof toxumları çürüyüb

  • 28 Mar - 2017
Bu il qış fəslinin sərt keçməsi Cəlilabad rayonunda kənd təsərrüfatına ciddi ziyan vurub. Ötən ilin sonu, bu ilin əvvəli qarın normadan artıq yağması rayonda əkin sahələrinin su altında qalmasına səbəb olub və bu da təsərrüfat sahiblərinə xeyli ziyan vurub. Subasmadan ən çox zərər görən isə kartof sahələridir. Çünki fasiləsiz yağan qarın sürətlə əriməsi nəticəsində su əkin sahələrinə yığılaraq yeni toxumun çürüməsinə səbəb olub. Hazırda su altında qalan sahələrin həcmi hesablanmasa da, təsərrüfat sahiblərinin proqnozuna görə digər sahələrdə də vəziyyət eynidir. Belə ki, əkin zamanı toxumluq kartoflarda cücərmə prosesi ya getməyib, ya da tamam zəif olub. Bu da fermerləri ciddi narahat edir. Fermer Nurəddin Baxşıyev bildirib ki, normadan artıq yağıntı sahələrdə kartofun çürüməsinə səbəb olub. Hazırda ziyanla üzləşən təsərrüfat sahibləri əkin sahələri boş qalmasın deyə noxud əkininə başlayıblar. Fermerlər bunun tam olmasa da, dəymiş ziyanın yarısını qismən ödəyəcəyini hesab edirlər. Qeyd edək ki, Cəlilabad rayonuna toxumluq kartof daha çox Rusiyadan gətirilir. Rayonda əsasən “Kemirov”, “Udaçi”, “Sverdlov” və digər toxum sortları əkilir. Hazırda Cəlilabad rayonunda 4 500 hektara yaxın sahədə kartof əkilib.
Report

Oxunma sayı: 253

Oxşar yazılar