Qərb siyasi dairələrində Azərbaycan müxalifəti barədə məlumatlar: Avropanın ehtiyat etdiyi əsas amil nədir? (Bizim şərh)

  • 06 Yan - 2017
Azərbaycan ictimai rəyində artıq Qərbə münasibət 90-cı illərdən fərqlənir. Bu gün Qərb təsisatlarından Azərbaycanda çox adam narazıdır. Görünən odur ki, QHT və müxalifətin bir ümumi düşməni var - beynəlxalq təşkilatlar. Müxalifət yetərincə dəstəyin olmamasından şikayətçidir. İqtidar opponentləri üçün Qərbin dəstəyi mühümdür. Belə bir dəstək olmadan onların siyasətdə olması xeyli müşkül görünür. Ukraynada son proseslərdə Qərb amili özünü göstərdi. Proseslər başlayan gündən nüfuzlu beynəlxalq təşkilatlar, ABŞ və Avropa ölkələri demokratik hərəkatın yanında oldu. Qərb diplomatları hətta Kiyevdəki mitinqlərdə çıxışlar da etdilər, Ukrayna müxalifətinə maliyyə və siyasi dəstək verdilər. Azərbaycanda isə bütün bu illər ərzində müxalifət Qərbin hətta mənəvi dəstəyini əldə edə bilməyib. Qərb Azərbaycanda sabitliyin yanında oldu. Əgər Ukraynadakı proseslərə Qərb müdaxilə etməsəydi, müxalifət repressiyalara məruz qala bilərdi. Qərbin dəstəyi Ukraynada hakimiyyət dəyişikliyi ilə sonuclandı. Digər tərəfdən, Qərbdə Azərbaycanı Avropanın bir hissəsi kimi qəbul etmirlər. Qərb siyasi dairələrində belə fikir formalaşıb ki, Azərbaycan müxalifəti Milli Şuranın təmsilində hələ də Moskva ilə bağlıdır. Qərb siyasi dairələri Azərbaycan müxalifətindən ehtiyat edir. Avropalılar düşünürlər ki, Rusiya istədiyi zaman müxalifətin vasitəsilə Azərbaycandakı siyasi proseslərə müdaxilə edə bilər. Moskvanın Azərbaycanda nüfuz agenturası hələ də mövcuddur. Ən acınacaqlısı isə odur ki, Qərb siyasi dairələrində Azərbaycan müxalifətinin müəyyən hissəsinin də marginal, korrupsiyaya uğramış və sistemsiz olması barədə rəy formalaşıb. Belə imic nə qədər ki, mövcuddur, müxalifətə dəstəkdən danışmaq da mənasızdır. Daha bir amil ondan ibarətdir ki, Qərb Azərbaycan müxalifətinin ölkənin inkişafı proqramının olmasına inanmır. Müxalifət son illər ərzində bu sahədə olduqca passiv görünür. Nə sosial-iqtisadi, nə də siyasi islahatlarla bağlı təkliflər zərfini müzakirələrə çıxartmır. Müxalifət son seçkidə mənasız vaxt itkisi ilə yanaşı, problemlərə fundamental yanaşdığını nümayiş etdirə bilmədi. Bunun isə fəsadları olmalı idi. Necə ki, oldu. Daha mühüm bir amil ondan ibarətdir ki, Qərb Azərbaycan müxalifətinin birləşə bilməyəcəyini və birləşsə də, həlledici məqamda parçalanacağı təhlükəsini nəzərə alır. Hər seçkidən sonra parçalanan və bir-birinə qarşı mübarizə aparan müxalifət bunun nə ilə başa çata biləcəyini öncədən düşünməli idi. Şüurlu, ya şüursuz şəkildə daxili savaşlara başlayan müxalifət özünü Qərbin dəstəyindən məhrum etdi. Azərbaycanın Avropanın bir hissəsi olaraq qəbul edilmədiyi barədə ehtimallar həqiqətdir. Lakin bu təqdirdə də yuxarıda verilən suala birmənalı cavab tapmaq mümkün olmayacaq. Deməli, Qərbin Azərbaycan müxalifətindən üz çevirməsinin başqa səbəbləri də mövcuddur. Göründüyü kimi, Azərbaycan müxalifətinə Qərbin dəstəyinin yetərincə olmaması yalnız geosiyasi amillərlə və yaxud neft maraqları ilə bağlı deyil. Diplomatik mənbələrlə sıx bağlılığı olan ekspertlər vurğulayırlar ki, Azərbaycan müxalifətinin tanınmış və əsas simalarından kimlərinsə son anda oyun qaydalarını pozmayacağı ilə bağlı Qərbdə əminlik yoxdur. Bir sözlə desək, Qərb Azərbaycan müxalifətinin sona qədər qətiyyətli və ardıcıl mübarizə aparacağına o qədər də inanmır. Daha bir önəmli amil ondan ibarətdir ki, Qərb Azərbaycan müxalifətinə demokratik cəmiyyət quruculuğu üçün ayrılmış dəstəyin səmərəsiz və təyinata uyğun olmayan istiqamətlərdə sərf olunduğunu öz təcrübəsindən bilir. 1993-cü ildən başlayaraq müxalifətə yaxın QHT-lərə ayrılan qrantlardan artıq əsər-əlamətin belə olmaması buna bir sübutdur... Avropa.info-nun ekspert qrupu

Oxunma sayı: 110

Oxşar yazılar