Azərbaycanın İrandakı keçmiş səfiri Əliyar Səfərli vəfat etdi

  • 04 Yan - 2017
Azərbaycanın İrandakı keçmiş səfiri, professor Əliyar Səfərli dünən gecə 80 yaşında dünyasını dəyişib. Yaxınlarının verdiyi məlumata görə, o, ürək çatışmazlığından vəfat edib. 
Əliyar Səfərli 1937-ci ildə Ordubad rayonunun Anabad kəndində anadan olub. 1955-ci ildə Ordubad orta məktəbini, 1960-cı ildə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakultəsinin İran filologiyası şöbəsini bitirib. 1960-1968-ci illərdə Azərbaycan Elmlər Akademiyasının və Nizami adına Ədəbiyyat İnstitutunun elmi işçisi kimi çalışıb. Uzun müddət BDU-nun filologiya fakültəsində tədrislə məşğul olub. 1986-1994-cü illərdə Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müdiri işləyib. Ömrünün sonlarınadək həmin kafedranın professoru idi. Ə.Səfərlinin minlərlə tələbəsi var.
Qeyd edək ki, Əliyar Səfərli Orta əsrlər Azərbaycan ədəbiyyatının tanınmış tədqiqatçılarından idi. O, Məsihinin (17-ci əsr) həyat və yaradıcılığına, 17-18-ci əsrlər Azərbaycan epik şerinə dair tədqiqatların müəllifidir.
Mətnşünaslıq sahəsində də ciddi nəticələri var idi. Bir sıra unudulmuş ədəbi abidələri aşkara çıxarmış, ilk anadilli poema olan “Dastani Əhməd Hərami”ni, Qazi Bürhanəddinin “Divan”ını, Məhəmməd Füzulinin “Həqiqət üs-süəda” əsərini (şərikli), Məsihinin “Vərqa və Gülşa” poemasını, “Şəhriyar” dastanını, habelə Nəsimi, Əmani və başqalarının əsərlərini tərtib və nəşr etdirib. Uzun illər Azərbaycan Təhsil Nazirliyində “Ədəbiyyatşünaslıq” bölməsinin rəhbəri olub, orta və ali məktəblər üçün dərslik, dərs vəsaiti və proqramların hazırlanmasında bilavasitə yaxından iştirak edib. Əsərləri xarici ölkələrdə nəşr edilib.
Əliyar Səfərlinin diplomatiya sahəsindəki fəaliyyəti isə ötən əsrin 90-cı illərinə təsadüf edir. O, 1994-1998-ci illərdə Azərbaycan Respublikasının İranda fövqəladə və səlahiyyətli səfiri olub, həmçinin ölkəmizi Beynəlxalq İqtisadi Təşkilatda (EKO) təmsil edib. Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın mədəni və milli hüquqları ilə bağlı çoxsaylı açıqlamaların müəllifi kimi tanınıb.

Oxunma sayı: 231

Oxşar yazılar