Rahim Hacıyev istintaqa çağırıldı

  • 29 Dek - 2016
“Azadlıq” qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyev növbəti dəfə istintaqa çağırılıb. Bu haqda jurnalistin özü məlumat verib. R.Hacıyevin bildirdiyinə görə, onu Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırıblar. Jurnalist dekabrın 29-da saat 14.00-da adıçəkilən idarədə olmalıdır. Onu idarənin müstəntiqi Anar Dəmirçiyev dəvət edib. Rahim Hacıyev əvvəllər də istintaqa çağırılmışdı. O, sentyabr ayında Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsində şahid qismində ifadə vermişdi. O zaman R.Hacıyev ifadəsi ilə bağlı detallı bilgi verə bilməyəcəyini demişdi.  “Şahid qismində ifadə vermişəm. Təfərrüatlara vara bilmərəm. Bircə onu deyə bilərəm ki, suallar ümumən “Azadlıq” qəzetinin fəaliyyəti ilə bağlı idi”, baş redaktorun birinci müavini həmin vaxt demişdi. R. Hacıyevdən əvvəl “Azadlıq” qəzetinin əməkdaşlarından Vidadi Məmmədov, Xəyal Babayev və redaktor Sücəddin Şərifov da Ağır Cinayətlərə Dair İstintaq idarəsində dindirilmişdilər. Onlar hazırda həbsdə olan “Azadlıq” qəzetin maliyyə direktoru Faiq Əmirlinin işi ilə bağlı dindirildiklərini açıqlamışdılar. Faiq Əmirli isə avqustun 20-da saxlanıb. O, Cinayət Məcəlləsinin 168.1-ci (Dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (Milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham edilir. İstintaq orqanları onu hazırda ABŞ-da yaşayan Fətullah Gülən tərəfdarlarının «Hizmet» Hərəkatının imamı kimi təqdim edir.

Oxunma sayı: 176

Oxşar yazılar