Qazaxıstan və Belarus prezidentləri Ermənistanı belə doladılar

  • 27 Dek - 2016
Qazaxıstan və Belarus rəsmən Ermənistanı dolayıblar. Avropa.info xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şahinoğlu bildirib. Ekspert qeyd edib ki, oktyabrda rotasiya prinsipi ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) Ermənistandan olan baş katib seçilməli idi. Qazaxıstan prezidenti Nursultan Nazarbayev dedi ki, "xəstəyəm" və İrəvana getmədi, nəticədə təşkilat baş katib seçkisini dekabr görüşünə təxirə saldı. Təşkilatın liderlərinin dekabrın 26-da Sankt-Peterburqda keçirilən zirvə toplantsına isə Belarus prezidenti Aleksandr Lukaşenko getmədi. Ermənistan prezidenti Serj Sarkisyan budəfəki toplantıdan da əliboş qayıtdı. Baş katibin seçilməsi aprel ayındakı toplantıya qədər təxirə salındı: "Ermənistan siyasətçiləri və eskpertləri açıq etiraf edirlər ki, Qazaxıstan və Belarus təşkilatda Ermənistanın müttəfiqləri sayılsalar da, bu, sözdə belədir, əməldə isə həm Astana, həm də Minsk Azərbaycanın real müttəfiqidirlər və buna görə də Ermənistan vətəndaşının təşkilata baş katib seçilməsinə mane olurlar. Bəli, bu belədir. İstisna deyil ki, aprel toplantısına da Qırğızıstan prezidenti qatılmasın və baş katibin seçilməsi yenə ləngisin. Kreml də, nəhayət, anlamalıdır ki, Rusiyanın müttəfiqləri belə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini istəyirlər. Yəni Rusiyanın işğalçı Ermənistanı himayə etməsi tək bizim xoşumuza gəlmir, müttəfiqləri də bu siyasətdən narazıdırlar".

Oxunma sayı: 242

Oxşar yazılar