Türkiyə, ABŞ, Fransa və Rusiyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ortaq öhdəlikləri: Ankara və Moskva arasındakı yaxınlaşma Azərbaycana nə vəd edir? (Bizim şərh)

  • 14 Dek - 2016
Apreldə Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttindəki hərbi fəaliyyət böyük sayda tələfata səbəb oldu və nümayiş etdirdi ki, münaqişənin hərbi yolla həlli yoxdur. Bu barədə Trend-ə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik bildirib. Onun sözlərinə görə, apreldəki qarşıdurmadan sonra tərəflər ümumilikdə atəşkəs rejiminə riayət edirlər: "Artıq danışıqlar masasında təkliflər var. Bu təkliflər münaqişənin həllinə gətirib çıxara bilər". Həmsədr əlavə edib: "Biz bu il, o cümlədən Vyana və Sankt-Peterburq görüşlərində danışıqlarda irəliləyişə nail olmaq üçün yeni cəhdlər gördük. Ümid edirik ki, tərəflər prosesi irəlilətmək üçün gələcəkdə də konstruktiv işləyəcəklər". Diplomatın sözlərinə görə, Donald Trampın prezidentliyi dövründə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı vəziyyətin necə inkişaf edəcəyini indidən demək çətindir:"Şübhə etmirəm ki, ABŞ hakimiyyəti həmsədr ölkələrin köməyi ilə münaqişənin sülh yolu ilə həllinə sadiq qalacaq". C.Uorlik qeyd edib ki, onun dekabrın 31-dən postunu tərk edəcəyi ilə əlaqədar olaraq, yeni amerikalı həmsədrin adı yaxın gələcəkdə məlum olacaq. ATƏT-in Minsk Qrupunun Fransadan olan yeni həmsədri Stefan Viskonti bu günlərdə Bakıya səfər edib. O, Azərbaycan prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb. Yeni həmsədr deyib ki, “Fransa Dağlıq Qarabağ münaqişəsinin qərəzsiz və ədalətli həllinin asanlaşdırılması üçün ABŞ və Rusiya ilə birlikdə öz səylərini davam etdirəcək”. Əlbəttə ki, buna inanmaq istərdik, ancaq əfsus ki, bu, daha çox arzuya bənzəyir, nəinki reallığa. Çünki cənab Viskonti də bilməmiş deyil ki, konfliktin həllində hələ ki əsas söz sahibi Rusiyadır. Rusiya isə təəssüf ki, problemin həllində dönüş olması üçün ciddi addımlar atmağa tələsmir. Xatıqladaq ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏM (1994-cü ilin dekabrında keçirilmiş Budapeşt sammitindən sonra ATƏT) Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir. 1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir. Münqişənin sülh yolu ilə həlli ilə bağlı danışıqlar aparan ATƏT-in Minsk qrupu hələ ki ciddi bir nəticə əldə edə bilməyib. Odur ki, zaman-zaman Minsk qrupundan imtina və ya formatının dəyişdirilməsi məsələləri gündəmə gətirilir və daha çox Türkiyənin adı hallanır. Ankaranın bölgədə artan nüfuzu belə bir sual yaradır – Türkiyə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində əsas fiqura çevrilə bilərmi? Nəzərə alsaq ki, Türkiyə, ABŞ, Fransa və Rusiyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ortaq öhdəlikləri var, adıçəkilən ölkələr Minsk Qrupunun üzvləridir, hətta Rusiya Vaşinqton, Paris və Moskva həmsədridir, bu suala müsbət cavab vermək mümkündür. Digər tərəfdən, Rusiyadan fərqli olaraq, Türkiyə münaqişənin həllində maraqlıdır. Ən azı ona görə ki, Qarabağda hərbi əməliyyatlar bərpa edilərsə, prosesə bu və ya digər baxımdan Ankara da qatılmış olacaq. Bu isə Ankara-Moskva qarşıdurması ilə başa çata bilər. Türkiyə isə bunda maraqlı deyil. Sözsüz ki, Türkiyə-Ermənistan danışıqlarında bu və ya digər dərəcədə Qarabağ məsələsi müzakirə olunur. Çünki Azərbaycan müstəqillik qazandıqdan sonra Türkiyə həmişə bəyan edib ki, Ankaranın İrəvanla münasibətlərinin qaydaya salmasının ilkin şərtlərindən biri Dağlıq Qarabağ münaqişəsinin həllidir. Dağlıq Qarabağ münaqişəsi həll edilməmiş Türkiyə-Ermənistan münasibətləri normallaşarsa, bu, əlbəttə ki, Bakı-Ankara münasibətlərinə mənfi təsir göstərə bilər. Ona görə də Türkiyə bu və ya digər dərəcədə Dağlıq Qarabağ münaqişəsinin həllində hər hansı irəliləyişin baş verməsində maraqlıdır ki, Ankara-İrəvan münasibətlərinin yaxşılaşması Bakı-Ankara əlaqələrinə mənfi təsir göstərməsin. Lakin problem yalnız Qarabağla bağlı deyil. Türkiyənin özünün Ermənistanla münasibətlərdə həllini tapmamış ciddi problemləri var. Bu sıraya “soyqırım” və Türkiyəyə qarşı ermənilərin ərazi iddiaları daxildir. Ankara öz maraqları çərçivəsində həmin problemləri həll edə bilsəydi, pozitiv bir məqam ola və Qarabağ probleminin də həllinə pozitiv təsir göstərə bilərdi. Türkiyənin Ermənistanla münasibətləri normallaşdırması yönündəki addımlarla müqayisədə Azərbaycan üçün daha təhlükəlisi Ankara və Moskva arasındakı yaxınlaşmadır. Rusiya Azərbaycanın qonşusu olan Gürcüstanın ərazisini işğal edib. Kreml Ermənistana milyonlarla dollar dəyərində əvəzsiz silah və sursat verib. Nəzərə almaq lazımdır ki, Türkiyənin indiki hakimiyyəti öncəki xarici siyasət vektorunda ciddi dəyişikliklər edir. Ankara sanki Qərbdən uzaqlaşır. Türkiyənin Avropa Birliyinə qəbulu prosesi uzadılır, üzvlük perspektivi real sayılmır. Qərbdən uzaqlaşan Türkiyə həm də İslam dünyasına yaxınlaşır. İslam dünyasının liderinə çevrilmək cəhdlərində bulunan Ankara xarici təzyiqlərlə üzləşir. Türkiyə iç savaşlara cəlb edilir və bununla da Ankaranın Suriya və Qarabağ məsələsində əsas oyunçuya çevrilmək cəhdlərinə əngəllər törədilir. Bu məsələdə Türkiyənin gücünü saxlaya bilməsi birbaşa Qarabağ probleminə də öz təsirini göstərmiş olur... Avropa.info-nun ekspert qrupu

Oxunma sayı: 275

Oxşar yazılar