Pensiya yaşı: qayda necədir, nə təklif olunur?

  • 13 Dek - 2016
Azərbaycanda kişilər əmək pensiyasına 63, qadınlar 60 yaşda çıxır. Bunun üçün azı 12 il sığorta stajı tələb olunur. “Əmək pensiyaları haqqında” qanun güzəştli şərtlərlə əmək pensiyası hüququnu da tənzimləyir. Novator.az qeyd edir ki, beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 10 il sığorta stajı olan qadınların pensiya yaşı hər uşağa görə 1 il azaldılır. Sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş və azı 10 il sığorta stajı olan anaların isə 55 yaşda pensiyaya çıxmaq hüququ var. 5 və daha çox uşağı növbəti nikah bağlamadan, təkbaşına səkkiz yaşınadək böyüdən atalar, habelə 5 və daha çox uşağı övladlığa götürüb təkbaşına səkkiz yaşınadək böyüdən atalar, həmçinin 5 və daha çox uşağı səkkiz yaşınadək böyüdən qəyyum kişilər azı 10 il sığorta stajı olduqda 58 yaşında pensiyaya çıxa bilər. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan sığortaolunanların əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ var (kişilər – 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışıblarsa). Hipovizqanizm xəstəliyinə tutulan şəxslərin (liliputlar) və mütənasibliyi pozulmuş cırtdanboyların – kişilər 47, qadınlar 42 yaşına çatdıqda və azı 5 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ var. Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işlə əlaqədar vəzifələrdə kişilərin azı 25 il, qadınların azı 20 il sığorta stajı olduqda, səhhətinə görə uçuş işindən azad olunmuş kişilərin həmin işlər üzrə azı 20 il, qadınların isə azı 15 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ tanınır. Prokurorluq orqanlarında azı 25 il qulluq etmiş, eləcə də yaşa görə (60 yaş) prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 25 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçiləri əmək pensiyasına çıxa bilər. Bu hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ var: – hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular; – hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər; – hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 və daha çox yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər; – hərbi xidmət müddəti 15 il və daha çox olmaqla Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçular. Ədliyyə orqanlarında qulluq keçmiş şəxslərin də yaşa görə əmək pensiyası hüququ qanunda yer alır: – ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 25 il qulluq stajı olan ədliyyə işçiləri; – cəzaçəkmə müəssisələrində, istintaq təcridxanalarında və azadlıqdan məhrum edilmiş şəxslər üçün nəzərdə tutulmuş müalicə müəssisələrində müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş işlərin və peşələrin siyahısı üzrə məhkumlarla və həbsdə olan şəxslərlə işləyən mülki işçilər (kişilər – 55 yaşına çatdıqda və ümumi əmək stajı 25 ildən az olmamaqla, bu stajın azı 15 təqvim ilini məhkumlarla və həbsdə olan şəxslərlə işləmişsə; qadınlar – 50 yaşına çatdıqda və ümumi əmək stajı 20 ildən az olmamaqla, bu stajın azı 10 təqvim ilini məhkumlarla və həbsdə olan şəxslərlə işləmişsə). Miqrasiya və fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 25 il qulluq stajı olan işçilərin də yaşa görə əmək pensiyası hüququ var. APA-nın məlumatına əsasən, bütün peşə sahələri üzrə əmək pensiyasına görə yaş həddinin artırılması təklif olunur. “Əmək pensiyaları haqqında” qanuna əlavə və dəyişikliklər layihəsi bütün peşələr üzrə pensiyaya çıxmaq üçün tələb olunan iş stajının artırılmasını nəzərdə tutur. Layihədə dövlət qulluqçuları üçün 15 təqvim ilinin 20 təqvim ilinə, hərbi qulluqçular üçün 20 təqvim ilinin 25 ilə, prokurorlar üçün 25 təqvim ilinin 35 ilə, o cümlədən digər peşələr üçün də tələb olunan staj ilinin 5 il qaldırılması əksini tapıb. Ümumilikdə pensiya yaşının artırılması da əks olunub.

Oxunma sayı: 264

Oxşar yazılar