“Korporativ Sosial Məsuliyyət” mövzusunda “dəyirmi masa” keçirilib

  • 10 Dek - 2016
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə və Azərbaycan Sahibkarlar Konfederasiyasının təşkilati dəstəyi ilə Gənc Mühasiblər İctimai Birliyinin icra etdiyi “QHT-Biznes əlaqələrinin gücləndirilməsi" adlı layihə çərçivəsində “Korporativ Sosial Məsuliyyət” mövzusunda dövlət rəsmilərinin, sahibkarların, qeyri-hökumət təşkilatlarının və media nümayəndələrinin iştirakı ilə “dəyirmi masa” keçirilib. Avropa.info xəbər verir ki, tədbirdə çıxış edən Gənc Mühasiblər İctimai Birliyinin sədri Solmaz Əliyeva deyib ki, əsas məqsəd Azərbaycanda fəaliyyət göstərən şirkətlərin həyata keçirdiyi uğurlu KSM layihələri haqqında ictimai məlumatlandırmanı, təcrübə mübadiləsini həyata keçirmək, KSM fəaliyyəti ilə məşğul olan sahibkarlıq subyektləri üçün müvafiq güzəştlərin tətbiq olunmasını müzakirə etmək, QHT-biznes əməkdaşlığının möhkəmləndirilməsinə kömək göstərməkdir. Bildirilib ki, sahibkarların bu sahədə fəaliyyətini stimullaşdırmaq üçün KSM-lə məşğul olan özəl şirkətlərin nümunəvi vergiödəyicisi siyahısına salınması təklifi ilə Vergilər Nazirliyinə müvafiq təşəbbüslə müraciət etmək məqsədəuyğun olar. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev çıxışında bildirib ki, KSM mövzusu çox aktual mövzudur və Azərbaycan dövləti daim QHT-lərin, özəl sektorun inkişafı sahəsində müxtəlif tədbirlər həyata keçirib, onlar arasında əməkdaşlığın formalaşmasında maraqlı olaraq müxtəlif layihələri maliyyələşdirib. KSM ilə bağlı müvafiq sənədlərin hazırlanması işi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası təşəbbüs də göstərib. Mövzu aktuallığını saxlayır və bu istiqamətdə fəaliyyəti davam etdirmək lazımdır. Dövlət də bu sahədə təşəbbüslərin nəzərdən keçirilməsinə hazırdır. Eyni zamanda, biznes strukturlarının bu sahədə rolunun artırılmasına ehtiyac var. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Katibliyinin icraçı direktoru Fərasət Qurbanov çıxışında qeyd edib ki, ilk növbədə QHT-ləri özəl sektorla əməkdaşlığa hazırlamaq lazımdır. O, həmçinin Dövlət Şurası ilə yanaşı, özəl qurumların da milli donor qismində rolunun artırılmasına ehtiyac olduğunu bildirib. Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi İctimai Birliyinin sədri, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Müşahidə Şurasının üzvü Rufiz Qonaqov bu mövzuda tədbirin keçirilməsinin önəmini vurğulayıb. Bildirib ki, QHT-lərlə biznes strukturlarının əməkdaşlığına çox böyük ehtiyac var. Belə tədbirlərin tez-tez keçirilməsi bu əməkdaşlığın inkişaf etdirilməsinə xidmət edəcək. Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov KSM anlayışının cəmiyyət üçün yeni olduğunu bildirərək qeyd edib ki, biznes strukturunun öz məsuliyyəti kifayət qədərdir, dövlət büdcəsinə vergi verir, insanlara sosial yardımlar edir. Burada özəl qurumların öz maraqları da nəzərə alınmalı və təşviq olunmalıdır. Digər çıxış edənlər də tədbirin əhəmiyyətindən danışıb və maraqlı təkliflər səsləndiriblər. Qeyri-Hökumət Təşkilatları ilə biznes strukturları arasındakı münasibətlərin şəffaf, qarşılıqlı faydalı əməkdaşlıq çərçivəsində qurulması üçün müxtəlif addımların atılmasının vacibliyi qeyd edilib.

Oxunma sayı: 264

Oxşar yazılar