Tanınmış iqtisadçı: "Bu çətinliklərdən çıxış yolu var..."

  • 07 Dek - 2016
Hər bir dövlətin tarixində müəyyən çətinliklər və böhran dövrü olur. Hazırda dünyada gedən proseslər fonunda ölkədə Azərbaycanda yaşanan çətin sosial-iqtisadi vəziyyətdən çıxış yolu var. Sadəcə, bunun üçün həm dövlət, həm də vətəndaşlar müəyyən vəzifələri yerinə yetirməlidir. Bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri, iqtisadçı-ekspert Vüqar Bayramov bildirib. Ekspertin fikrincə, 2016-cı ilin asan olmayacağı gözlənilən idi və belə də oldu: "Neftin qiyməti aşağı oldu və eləcə də qaldı. İlin sonuna doğru neftin dünya bazarındakı qiymətində müşahidə olunan artımlar belə Azərbaycanın neft satışından əldə edilən gəlirlərinin əhəmiyyətli dərəcə artmasına imkan vermədi. Bu isə məntiqi ardıcıllıqla digər iqtisadi çətinliklərə səbəb oldu. Bütün bunlar vətəndaşların sosial vəziyyətinə də birbaşa təsir etdi və bunu hamı hiss edir. İndi neftin qiymətinin müəyyən qədər qalxmasına baxmayaraq, hələlik o, dövlət gəlirlərini artıracaq və ciddi iqtisadi stabillik yaradacaq səviyyədə deyil. Amma bütün bunlar o demək deyil ki, biz iqtisadi çətinlik və böhran dövründə bədbinliyə qapılmalıyıq. Təbii, çətinliklər var və proqnozlaşdırıldığı kimi, 2016-cı ildə onlar artdı, manatın məzənnəsində eniş oldu. Nəticədə gəlirlərin azalması fonunda çətinliklərdən qaçmaq mümkün olmadı. Amma həm dövlət, həm də vətəndaşlar birlikdə çalışmalıdır ki, çətinlikləri dəf etmək mümkün olsun". V.Bayramov hesab edir ki, dövlət tərəfindən ilk növbədə struktur dəyişiklikləri aparılmasına ciddi ehtiyac var: "İdarəçilikdə şəffaflığın formalaşdırılması çox vacibdir. Struktur dəyişiklikləri yalnız büdcə vəsaitlərinə qənaət baxımından deyil, eyni zamanda idarəetmədə çevikliyin arıtırılması, onun postneft dövrünə uyğunlaşdırılması baxımından da önəmlidir. Xüsusən kadr dəyişikliyi ilə müşaiyət edilən struktur dəyişikliklərinə ehtiyac var. Bu baş versə, həm idarəetmədə çevikliyin, həm də insanlarda nikbinliyin artmasına səbəb ola bilər. İslahatların genişləndirilməsi vacibdir. Cari ildə ölkədə həm lisenziyaların sayının azaldılması, həm də elektronlaşma və şəffaflığın artırılması ilə bağlı addımlar atıldı. Bundan sonra bu addımlar davam etdirilməlidir ki, birbaşa məmur-vətəndaş münasibətlərini minimuma endirilsin və proseslər elektron qaydada idarə olunsun. Bu dəyişikliklər həm bürokratik əngəllərin sayını azaldacaq, həm də vətəndaşlar bürokratiya və rüşvət olmadan dövlət xidmətlərindən rahat istifadə edə biləcəklər. Ona görə də hökumət islahatları davam etdirməlidir və bu islahatlar cəmiyyətdə nikbinliyin yaranması və yaşamasına səbəb olmalıdır. Hər dövlətin tarixində müəyyən böhran dövrü olur və heç biri bundan sığortalanmayıb. Dünya tarixində ən böyük iqtisadi böhran 1930-cu illərdə ABŞ-da olub. Sadəcə, o, Azərbaycanda proqnozlaşdırılmayan dövrdə baş verdi, bu səbəbdən onun sosial təsirləri oldu". Mərkəzin rəhbərinin qənaətincə, bu təsirlərin mininuma endirilməsi üçün vətəndaşlar tərəfindən də müəyyən addımların atılmasına ehtiyac var: "Əvvəla, insanlar nikbinliyini qoruyub saxlamağı bacarmalıdırlar. Bu, çox vacibdir. Əgər problemlər vətəndaşlarda bədbinlik yaradarsa və onlar bədbin olarlarsa, bu, çatışmazlıqların qısa zamanda aradan qaldırılmasına əngəl olar. Digər müzakirə olunan məsələlərdən biri qənaətdir. Dövlətlə yanaşı vətəndaşların da qənaət etməsi mümkündür, amma qənaət heç də bütün xərclər üzrə edilməməlidir. Xüsusən də vətəndaşların minimum istehlak səbətinə uyğun ərzaq məhsulları ilə təmin edilməlidir. Burada qənaət oluna bilməz. Təhsil və səhiyyə xərclərində qənaət olunmamalıdır, çünki bu cəmiyyətin gələcəyi baxımından çox vacibdir. Digər istiqamətlərdə isə bu mümkündür. Amma böhrandan qısa zamanda çıxmaq üçün nikbinliyin bərpa edilməsi və gələcəyə inam daha vacibdir. Bu məsələdə isə dövlətin rolu çox böyükdür. Dövlət vətəndaşlara bu nikbinlik mesajlarını kadr dəyişikliyi ilə müşaiyət olunan struktur islahatları ilə verməlidir". Milli.az

Oxunma sayı: 198

Oxşar yazılar