Vaşinqtonla Moskva arasında müzakirə olunan sülh razılaşmasında Ukraynanın Donbasdan geri çəkilməsi əsas tələblərdən biridir. Bu, Vaşinqtonun Kiyevə kapitulyasiya xarakterli təklif irəli sürməsi və Donald Trampın 7 bəndlik planı çərçivəsində Ukraynanı ciddi güzəştlərə sövq etməsidir. Lakin Ukrayna Donbasdan çəkilməyəcəyini bildirir, Avropa dövlətləri də bu yanaşmaya qarşı çıxır və danışıqlar faktiki olaraq dalana dirənib.
Avropa.info xəbər verir ki, bunu Sosdem.az-a açıqlamasında Milli Cəbhə Partiyasının (MCP) başqan müavini, politoloq Məhəmməd Əsədullazadə deyib.
“Tramp Kiyevi Güzəştlərə Məcbur Edir…”
Politoloq ABŞ administrasiyasının Ukrayna rəhbərliyinə qarşı dəyişən münasibətini və təzyiq mexanizmlərini belə şərh edib:
“Ukraynanın bu təkliflərlə razılaşmaması Donald Trampın Ukraynaya və prezident Volodimir Zelenskiyə münasibətində müəyyən dəyişikliklərə səbəb olub. Trampın Zelenskini Rusiyanın yanacaq anbarlarına və digər enerji obyektlərinə zərbələr endirməsini dayandırmağa çağırması da bunun göstəricisidir. Görünür, Tramp administrasiyası Ukraynaya qarşı təzyiqləri artırmaqla Kiyevi müəyyən güzəştlərə sövq etməyə çalışır. Digər tərəfdən, Rusiya da Ukraynaya qarşı təzyiqləri artırır və Polşa-Ukrayna sərhədinə yaxın ərazilərə zərbələr endirir”.
“Avropa Üçün Ciddi Təhlükə…”
Ekspert Rusiyanın Avropaya hərbi və siyasi təzyiqlərinin mümkün nəticələrinə diqqət çəkib:
“Əgər Rusiya Avropa ölkələrinə qarşı hərbi təzyiqi genişləndirsə, bu, NATO-nun reaksiyasını yoxlamaq məqsədi daşıya bilər. Rusiya tərəfindən Polşaya qarşı hər hansı hərbi təcavüz ehtimalı son dərəcə ciddi eskalasiya riski yaradar. Belə bir ssenarinin Tramp administrasiyası tərəfindən razılaşdırılması mümkün ola bilər. Bununla belə, Rusiyanın Ukrayna məsələsində öz tələblərini qəbul etdirmək üçün Avropaya qarşı təzyiq vasitələrindən istifadə etməsi Qərb üçün ciddi təhlükə yaradır. Avropanın Rusiyanın tələblərinə uyğun mövqe tutması Moskvanın regional və qlobal mövqeyini gücləndirə, onun yenidən fövqəldövlət statusuna qayıtmaq cəhdlərini stimullaşdıra bilər”.
“Vaşinqton-Moskva Sövdələşməsi…”
MCP rəsmisi ABŞ və Rusiya arasında Qərbi Asiya və Şərqi Avropa üzrə mümkün alver ssenarisini açıqlayıb:
“Görünür, ABŞ və Rusiya arasında İran məsələsi ilə bağlı da müəyyən anlaşmaların əldə edilməsi ehtimalı var. Belə bir razılaşma çərçivəsində Rusiyanın İrana hərbi və siyasi dəstəyini məhdudlaşdırması, ABŞ-nin isə Ukrayna məsələsində müəyyən güzəştlərə getməsi gözləniləndir. Bu baxımdan ABŞ-Rusiya münasibətlərində formalaşan yeni yanaşmanın həm Ukrayna müharibəsinin, həm də Yaxın Şərqdəki geosiyasi proseslərin gələcək istiqamətinə ciddi təsir göstərəcəyi aydın görünür”.






























