Dünya

İspaniyada 14 ildən sonra ilk ümumi tətil: Milyonlarla insan küçələrə çıxdı

16 Noyabr 2026, 09:04678
Reklam728x90
Reklam320x100

 

İspaniyada mənzil qiymətləri və artan kirayələrə reaksiya verən təxminən 4 milyon işçi 14 ildə ilk ümumi tətilə qatılıb. Ölkə daxilində iş yerləri bağlanarkən, limanlarda və avtomobil zavodlarında istehsal əsasən dayandı.

Avropa.info xəbər verir ki, Tətil noyabrın 29-da keçiriləcək növbədənkənar seçkilər ərəfəsində hökumətə təzyiqləri artırıb.

 

İspaniyada mənzil böhranının dərinləşməsi və kirayə haqqının artması səbəbindən milyonlarla işçi ümumi tətilə çıxıb. Həmkarlar ittifaqının bəyanatına görə, çərşənbə günü təxminən 4 milyon insan işini tərk edib. 2012-ci ildən bəri ilk ümumi tətil ölkənin iki ən böyük həmkarlar ittifaqı, UGT və CCOO, eləcə də icarəçi assosiasiyaları tərəfindən dəstəkləndi.

Başda paytaxt Madrid olmaqla bir çox şəhərlərdə etiraz aksiyaları keçirilib. Primark, H&M və Pull & Bear kimi mağazalar Madridin ən işlək küçələrindən biri olan Gran Via-da qapılarını bağlayıb. Barselonada baş verə biləcək hadisələrə görə bir çox iş yeri bağlanıb. Nümayişçilər mənzil qiymətlərinin və kirayələrin artması səbəbindən öz evlərinə köçə bilmədiklərini bildiriblər.

İspaniya Bankının məlumatlarına görə, ölkədə təxminən 750 min mənzil kəsiri var. 2028-ci ilə qədər bu rəqəmin 1 milyonu keçəcəyi gözlənilir. İspaniya Gənclər Şurasının məlumatına görə, orta icarə qiyməti 1176 avroya çatır ki, bu da gənclərin orta aylıq əmək haqqının təxminən 98,7 faizinə uyğundur.

Tətildə iştirak xüsusilə limanlarda və avtomobil sənayesində yüksək olub. Həmkarlar ittifaqları bu sahələrdə iştirak nisbətinin yüzdə 90-a çatdığını, Volkswagen-in Navarra və SEAT-ın Barselonadakı fabriklərində istehsalın tamamilə dayandığını açıqladı. Səhər saatlarında elektrik enerjisinə tələbat da yüzdə 15,5 azalıb. Digər tərəfdən, polis tətillə bağlı insidentlərdə günorta saatlarında 40 nəfərin nəzarətə alındığını bildirdi. Müdaxilələr zamanı 20 nümayişçinin yaralandığı bildirilib.

Ümumi tətil noyabrın 29-da keçiriləcək növbədənkənar seçkilər ərəfəsində baş nazir Pedro Sançesin hökumətinə təzyiqləri artırıb. Parlamentdə mənzil böhranı ilə bağlı qaydaların rədd edilməsi və köçürülmələrlə bağlı etirazların artması növbədənkənar seçkinin keçirilməsi qərarında təsirli olub. İşəgötürənlərin nümayəndələri isə həll yolunun daha çox ev tikmək, tikinti və ev alqı-satqısı vergilərini azaltmaq olduğunu müdafiə edirlər.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600